Səs-küylü mühitlərdə daha yaxşı eşitməyin sadə yolu: Barmaqlarınızı...


Yeni araşdırmaya görə, barmaqlarınızı ritmik şəkildə masaya vurmaq səs-küylü mühitlərdə söhbətləri daha aydın başa düşməyə kömək edə bilər.


Heç izdihamlı bir restoranda digər insanı eşitməkdə çətinlik çəkdinizmi? Fransada aparılan yeni bir araşdırma, barmaqlarınızı ritmik şəkildə vurmağın səs-küydə nitqi başa düşməyi asanlaşdırdığını ortaya qoyub.

Eks-Marsel Universitetindən psixolinqvist Noemie te Rietmolenin rəhbərlik etdiyi komanda beynin səs məlumatını hərəkət sistemi vasitəsilə necə emal etdiyini anlamaq üçün bir sıra təcrübələr hazırlayıb. Tədqiqatçıların fikrincə motor sistemi sadəcə hərəkəti idarə edən struktur deyil. O, həmçinin vaxt məlumatlarının aşkar edilməsində fəal rol oynayır.

Doğma dili fransız dili olan iştirakçılar fonda diqqəti yayındıran səslərlə 40 müxtəlif cümlədən ibarət yazıları dinləyiblər. Təcrübənin ən diqqətçəkən hissəsi olan ikinci mərhələdə iştirakçılardan dinləməyə başlamazdan əvvəl müxtəlif yollarla hazırlanmaları istənib.

Kimisi müəyyən etdiyi ritmlə barmaqlarını masaya vurub, kimisi əvvəlcədən verilmiş səs ritmini müşayiət edib. Digərləri sadəcə olaraq ritmə qulaq asıblar və ya sakitcə söhbətin başlamasını gözləyiblər.

Nəticələrə görə barmaqlarını ritmik şəkildə vuran və ya səs ritmini müşayiət edən iştirakçılar cümlələri daha dəqiq və tez qavrayıblar.

Tədqiqatçılar bu vəziyyətin birbaşa beynin motor sistemi ilə əlaqəli olduğunu vurğulayıblar. Bu tapıntılar motor sisteminin təbii nitqdə vaxtı emal etməkdə funksional rol oynadığını göstərir.

Odur ki, növbəti dəfə izdihamlı yerdə deyilənləri eşitməkdə çətinlik çəksəniz, barmaqlarınızı yumşaq ritmlə masaya vurmağa çalışın. Bu kiçik hərəkət beyninizin səsə fokuslanmasını asanlaşdıra bilər.

Araşdırma "Proceedings of the Royal Society B" jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu