Türkiyədə zəlzələ nəticəsində binalara dəyən ziyanla bağlı 378 bildiriş daxil olub

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum İstanbul zəlzələsindən sonra binaların strukturlarının zədələnməsi ilə bağlı qaynar xəttə 378 bildiriş gəldiyini və insanların 12 evdən təxliyə edildiyini bildirib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlama verib: "112-dən binaların zədələnməsi ilə bağlı 378 bildiriş aldıq. İstanbulda 7,5 milyondan çox mənzilin olduğunu nəzərə alaraq dərhal yoxlamalar apardıq. Ehtiyat tədbiri olaraq Fatihdə biri tərk edilmiş olmaqla 12 binanı təxliyə etdik".
Murat Kurum əlavə edib ki, mütəxəssislər yaxın 4 gün ərzində binalara ətraflı baxış keçirəcəklər. Onun sözlərinə görə, bu müddət ərzində vətəndaşlar istəsələr, cümə gününə qədər dərslərin bağlanacağı məktəblərdə müvəqqəti qala və gecələyə bilərlər.