"Titan" qəzasının səbəbi açıqlanıb
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) 2023-cü ildə "Titan" sualtı qayığının Atlantik Okeanında "Titanik"in qalıqlarının yanına enərkən partlayaraq parçalanmasına səbəb olan hadisənin səhv mühəndisliyin nəticəsi olduğunu açıqlayıb.
Çərşənbə günü yayımlanan yekun hesabatda "Titan"ın karbon lifli kompozit gövdəsində çoxsaylı struktural qüsurlar olduğu və tələb olunan dayanıqlılıq standartlarını ödəmədiyi qeyd olunub. NTSB OceanGate şirkətinin sualtı qayığı kifayət qədər sınaqdan keçirmədiyini və həqiqi dayanıqlıq səviyyəsinin fərqində olmadığını bildirib.
Hesabata görə, standart fövqəladə hallar protokollarının tətbiq edilməməsi axtarış işlərinin də gecikməsinə səbəb olub. NTSB bildirib ki, bu göstərişlərə əməl olunsaydı, xilasetmə mümkün olmasa belə, axtarış müddəti və resurs istifadəsi azaldıla bilərdi.
NTSB-nin nəticələri ABŞ Sahil Mühafizəsinin avqust ayında yayımladığı hesabatla üst-üstə düşür. Sahil Mühafizəsi "Titan"ın çökməsini “önlənə bilən hadisə” kimi qiymətləndirmiş və OceanGate-in təhlükəsizlik təcrübələrində ciddi çatışmazlıqlar olduğunu müəyyən etmişdi.
Vaşinqtonda yerləşən OceanGate şirkəti qəzadan qısa müddət sonra fəaliyyətini dayandırmışdı. Şirkət avqustda yayımlanan ilk hesabatdan sonra həyatını itirənlərin ailələrinə başsağlığı mesajı göndərmişdi.
NTSB hesabatında Sahil Mühafizəsinə insan daşımağa uyğun sualtı və təzyiqli vasitələr üçün ekspert paneli yaradılması və həmçinin bu panelin nəticələrinə əsaslanaraq xüsusi sualtı səfərləri əhatə edən yeni təhlükəsizlik standartlarının hazırlanması tövsiyəsini edib.




