Musiqi dinləmək demensiya riskini azalda bilər
Monash Universitetinin apardığı yeni bir araşdırmaya görə, 70 və yuxarı yaşlı insanların mütəmadi olaraq musiqi dinləməsi və ya musiqi alətində ifa etməsi demensiya (ağıl zəifləməsi) və idrak geriləməsi riskini əhəmiyyətli dərəcədə azaldır.
Araşdırma nəticələrinə əsasən, həmişə musiqi dinləyən şəxslərin demensiyaya tutulma ehtimalı 39 faiz daha az, musiqi aləti çalanlarda isə bu göstərici 35 faizə çatır.
Tədqiqat ASPREE (ASPirin in Reducing Events in the Elderly) və ASPREE Longitudinal Study of Older Persons (ALSOP) adlı alt layihələr çərçivəsində aparılıb və 10 min 800-dən çox yaşlı iştirakçının məlumatlarını əhatə edib.
Nəticələr göstərib ki, musiqi dinləməyi vərdişə çevirən şəxslərdə təkcə demensiya riski deyil, həm də idrak zəifləməsi riski 17 faiz daha aşağıdır. Həm musiqi dinləyən, həm də alətdə ifa edən şəxslərdə isə demensiya riski 33 faiz, idrak zəifləməsi riski 22 faiz azalıb.
Tədqiqatçılar: Musiqi əlçatan qoruyucu üsul ola bilər
Araşdırmanı aparan magistr tələbəsi Emma Jaffa qeyd edib ki, nəticələr musiqi fəaliyyətlərinin yaşlı insanlarda idrak sağlamlığını qorumaq üçün əlçatan strategiya ola biləcəyini göstərir. Bununla belə, o, səbəb-nəticə əlaqəsini tam sübut etmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıb.
Tədqiqatın aparıcı müəllifi, professor Joan Ryan isə bildirib ki, demensiyaya qarşı hələ də qəti müalicə üsulu yoxdur. Professor əlavə edib ki, buna görə də xəstəliyin başlanmasını önləyə və ya gecikdirə biləcək yolların müəyyənləşdirilməsi çox vacibdir.
Ryan vurğulayıb ki, beyin qocalması təkcə yaş və genetika ilə deyil, həm də mühit və həyat tərzi amilləri ilə formalaşır: “Araşdırmalarımız göstərir ki, musiqi dinləmək və ya alətdə ifa etmək kimi həyat tərzinə əsaslanan fəaliyyətlər idrak sağlamlığını dəstəkləyə bilər”.

