Beyinə ən çox zərər verən fəst fud növləri - ARAŞDIRMA
Virginia Tech Universitetinin alimləri hansı növ fəst fud və hazır qidaların beyin sağlamlığına ən çox zərər verdiyini müəyyən ediblər. Araşdırmaya görə, siyahının zirvəsində həddindən artıq emal olunmuş ət məhsulları və şirin içkilər dayanır.
Mütəxəssislər müəyyən ediblər ki, bu iki qida qrupundan gündə bir porsiya artıq istehlak edən şəxslərdə demensiya və Alzheimer kimi idrak pozğunluqlarının yaranma riski əhəmiyyətli dərəcədə artır.
2014–2020-ci illər arasında aparılan tədqiqatda 55 yaş və yuxarı olan 4750 amerikalı iştirak edib. Hər iki ildən bir onların idrak qabiliyyəti testlərlə qiymətləndirilib.
Nəticədə 1363 nəfərdə idrak pozğunluğu müşahidə olunub.
Gündə bir porsiya artıq emal olunmuş ət istehlak edənlərdə risk 17 faiz artıb.
Gündə bir porsiya artıq şirin içki (kola, soyuq çay, meyvə dadlı içkilər və s.) qəbul edənlərdə risk 6 faiz yüksəlib.
Digər emal olunmuş qidalar eyni təsiri göstərməyib
Tədqiqat həm də gözlənilməz bir nəticə ortaya qoyub: ümumi ultra-emal olunmuş qidaların (UPF) miqdarı ilə idrak pozğunluğu arasında birbaşa əlaqə aşkarlanmayıb. Çörək, şirniyyat, qəlyanaltı, süd məhsulları və ya hazır yeməklər kimi digər UPF növləri risk artımı ilə əlaqələndirilməyib.
Virginia Tech Universitetindən insan qidalanması üzrə professor Brenda Deyvi nəticələrin ümidverici mesaj verdiyini bildirib:
“Dəyişdirilə biləcək şeylər var. Əsas olan ölçülülük, məntiqli və balanslı seçimlər etməkdir.”
Tədqiqatçılar vurğulayıblar ki, həddindən artıq emal olunmuş məhsulların istifadəsini azaltmağın ən effektiv yolu — evdə yemək bişirmə vərdişlərini artırmaqdır.

