Tramp Səudiyyə Ərəbistanına F-35 satacaqlarını açıqladı
Səudiyyə Ərəbistanı Vəliahd Şahzadəsi Məhəmməd bin Salmanı Ağ Evdə qarşılamağa hazırlaşan Tramp Səudiyyə Ərəbistanına F-35 döyüş təyyarələri satmağa hazır olduqlarını açıqlayıb.
Tramp sabah Vəliahd Şahzadəni Ağ Evdə qəbul edəcəyini bildirərək F-35-lərlə bağlı bəyanat verib.
O, “Bunu etməyi planlaşdırıram. Onlar əla müttəfiqlərdir. İranın vəziyyətinə baxın, onların nüvə potensialını məhv etmək üçün etdiklərimizə baxın. Bəli, bunu edəcəyimizi deyə bilərəm. Səudiyyəlilərə F-35-ləri satacağıq” deyib.
Qeyd edək ki, ABŞ Prezidenti əvvəlki açıqlamalarında da Riyada F-35 satma imkanlarının olduğunu və bu mövzunu nəzərdən keçirdiklərini bildirmişdi.
Amerika mətbuatında yayılan xəbərlərdə isə bu prosesin müəyyən çətinlikləri olduğu və xüsusilə İsrailin belə bir satışa razı olmadığı qeyd olunmuşdu.

