Golden retriever itləri insanlarla bənzər genlərə malikdirlər - Araşdırma
Böyük Britaniyadan olan tədqiqatçılar narahatlıq və depressiya kimi insan duyğularına təsir edən müxtəlif genlərin qolden retriever itlərində də bəzi xüsusiyyətləri formalaşdırdığını aşkar ediblər.
Kembric Universitetindən tədqiqatçılar golden retriever cinsi itlərin və insanların davranışlarını və duyğularını öyrənmək üçün araşdırma aparıblar.
1300 golden retriever cinsi itin genetik kodlarını analiz edən tədqiqatçılar, hər bir itin davranış xüsusiyyətlərini sahiblərinə verdikləri anket vasitəsilə müqayisə ediblər.
Analiz nəticəsində tədqiqatçılar itlərin öyrədilə bilmək səviyyəsi, yad adamlara qarşı qorxu və digər itlərə qarşı aqressivlik kimi xüsusiyyətlərinin arxasında duran genləri müəyyən ediblər.
Bu nəticələri insanlarda tətbiq etdikləri oxşar analizlə müqayisə edən tədqiqatçılar golden retriever cinsi itlərdə olan 12 genin insan duyğularını və davranış xüsusiyyətlərinin əsasını təşkil etdiyini aşkar ediblər.
Tədqiqatçılar “PTPN1” adlanan bir genin golden retriever cinsi itlərdə digər itlərə qarşı aqressivliklə əlaqəli olduğunu, eyni zamanda bu genin insanlarda intellekt və depressiya ilə bağlı olduğunu müəyyən ediblər.
İnsanlarda əqli qabiliyyətlə əlaqəli olan “ROMO1” adlı başqa bir geni analiz edən tədqiqatçılar bu genin öyrənmə prosesində sürətlə öyrənən golden retriever cinsi itlərdə də mövcud olduğunu aşkar ediblər.
Digər itlərdən qorxan golden retriever cinsi itlərdə müşahidə olunan başqa bir gen variantını araşdıran tədqiqatçılar bu gen variantının insanların utancverici bir vəziyyətdən sonra uzun müddət narahat olub-olmamasına və ya təlimdə üstün nailiyyət göstərib-göstərə bilməsinə təsir etdiyini müəyyən ediblər.
Tədqiqatı yönləndirən Kembric Universiteti Fiziologiya, İnkişaf və Neyrobilim Bölməsindən tədqiqatçı Elyanor Raffan bu nəticələrin son dərəcə təsirli olduğunu vurğulayaraq, insanların və golden retriever cinsi itlərin davranışlarında ortaq genetik köklərə malik olduqlarına dair güclü sübutlar təqdim etdiyini bildirib.
Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences (PNAS)” jurnalında dərc olunub.




