Semeru vulkanı yenidən fəaliyyətə keçdi: 5 ardıcıl püskürmə
İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında 5 dəfə püskürmə qeydə alınıb. Təbiət hadisəsi zamanı vulkan 1000 metr hündürlüyə qədər kül püskürüb.
"Antara News" agentliyinin məlumatına görə, Lumacanq və Malanq bölgələrinin sərhədində yerləşən Semeru vulkanı yenidən fəaliyyətə keçib. Vulkan yerli vaxtla saat 00:28-dən 08:06-ya qədər 5 dəfə püskürüb və havaya 600-dən 1000 metrə qədər kül buludları sovurub.
Semeru Müşahidə Stansiyasının rəsmisi Lisvanto bildirib ki, İndoneziyanın xəbərdarlıq sisteminə əsasən, vulkanın təhlükə dərəcəsi 3-cü səviyyə olaraq müəyyən edilib. Lisvanto havaya qalxa biləcək qaya parçaları səbəbindən vulkanın ətrafındakı 5 kilometrlik zonada bütün növ fəaliyyətlərin qadağan edildiyini diqqətə çatdırıb.
Bromo Tengger Semeru Milli Parkının bir hissəsi olan Semeru vulkanı Yava adasının ən aktiv vulkanlarından biri hesab olunur.
