Uşaqların sosial təminatı ilə bağlı qanun layihəsi qəbul edildi
Azərbaycanda uşaqların sosial təminat hüququ yeni qanunvericilik səviyyəsində müəyyənləşdirilir. Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan yeni “Uşaq hüquqları haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni layihəyə əsasən, hər bir uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ var. Dövlət çətin həyat şəraitində olan uşaqlara və onların ailələrinə ödənişsiz sosial xidmətlərin göstərilməsinə zəmanət verir.
Sənəddə həmçinin yerli özünüidarəetmə orqanlarının və qeyri-hökumət təşkilatlarının uşaqların sosial müdafiəsi sahəsindəki rolu və həyata keçirəcəyi proqramlar öz əksini tapıb.
Qeyd edək ki, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib. Ölkə üzrə ümumi yaşayış minimumu isə 300 manat təşkil edir.



