Hizbullah: Atəş altında danışıqlar təslimiyyət deməkdir



Hizbullahın baş katibi Naim Qasım İsrail ilə atəş altında danışıqların aparılmasını qəti şəkildə rədd edib.

AFN.az xəbər verir ki, təşkilatın yaydığı yazılı bəyanatda Qasım bu cür danışıqların Livanın suverenliyindən imtina və təslimiyyət mənasına gəldiyini vurğulayıb.

Qasım bildirib ki, hər gün hücum edən və torpaqları işğal edən bir düşmənlə hərbi təzyiq altında danışıqlar aparmaq Livanın bütün müdafiə imkanlarını əlindən almaq cəhdidir. Hizbullahın İsrailin hücumlarına cavab vermək və ölkəni müdafiə etmək üçün bütün zəruri hazırlıqları gördüyünü qeyd edən baş katib, geri addım atmayacaqlarını deyib.

Naim Qasım Livan hökumətinin silahların dövlət tərəfindən toplanması üzrə 5 mərhələli planını (avqust 2025-ci ildən gündəmdə olan) sərt tənqid edərək, bunun İsrailin maraqlarına xidmət etdiyini bildirib.

Baş katib İsrail və ABŞ-ı Livanda daxili qarışıqlıq yaratmağa çalışmaqda ittiham edib, müqaviməti ordunun, xalqın və hökumətin ortaq vəzifəsi adlandırıb.

Xatırladaq ki, 2 mart 2026-cı ildə İsrailin İrana hücumlarından sonra Hizbullahın İsrailə raket zərbələri endirməsi ilə Livan cəbhəsi yenidən alovlanıb. İsrail tərəfi isə Naim Qasımı "məhv edilməli olan hədəf" elan edib.

Qeyd edək ki, Baş nazir Nəvvaf Salamın rəhbərlik etdiyi hökumət ölkəni böyük bir müharibədən qorumaq üçün silahların ordu nəzarətinə keçməsini və İsrail ilə diplomatik kanalların açılmasını təklif edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu