BMT Hörmüz boğazındakı humanitar böhranı həll etmək üçün işçi qrupu yaradıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-İsrail və İran arasındakı müharibə dövründə Hörmüz boğazında dəniz ticarətinin dayanmasının humanitar nəticələrini araşdırmaq üçün xüsusi işçi qrupu yaratdığını elan edib.
AFN.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik keçirdiyi mətbuat konfransında Yaxın Şərqdəki gərginliyə toxunub.
Düjarrik qeyd edib ki, münaqişənin genişlənməsi Hörmüz boğazında dəniz ticarətinin pozulmasına səbəb olub və bu, qarşıdakı aylarda humanitar yardım ehtiyaclarına, eləcə də kənd təsərrüfatı istehsalına mənfi təsir göstərəcək "domino effekti" yarada bilər.
Bu məsələdə təcili tədbirlərin görülməsinin həyati əhəmiyyət kəsb etdiyini vurğulayan Düjarrik, Baş katib Antonio Quterreşin xüsusi işçi qrupu yaratdığını və onun rəhbərliyinə BMT-nin Layihə Xidmətləri Ofisinin (UNOPS) icraçı direktoru Xorxe Moreyra da Silvanı təyin etdiyini bildirib. Sözçünün sözlərinə görə, bu qrup UNCTAD, IMO və Beynəlxalq Ticarət Palatasının nümayəndələrini bir araya gətirəcək.
İşçi qrupunun əsas məqsədi beynəlxalq hüquq çərçivəsində gübrə ticarətini və müvafiq xammalın daşınmasını asanlaşdırmaqdır. Düjarrik bu qrupun sırf humanitar məqsədlərə yönəldiyini və üzv dövlətlərin suverenliyinə hörmət edilməklə əməkdaşlıq qurulacağını əlavə edib.


