Masallıda dəhşətli yanğın: Baba və 2 yaşlı nəvəsi yanaraq öldü



Masallıda fərdi yaşayış evində ağır nəticələnən yanğın hadisəsi baş verib. Hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Məlumata görə, ümumi sahəsi 200 kvadratmetrlik ərazini əhatə edən evdə qəfil yanğın başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu və onun 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlunun yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faciənin təfərrüatlarına görə, hadisənin baş verdiyi ev Seyid Mirhəsən Ağa ocağı kimi tanınır. Yanğın zamanı Camələddin Abdullayev 2 yaşlı nəvəsini xilas etmək məqsədilə alovun içinə daxil olub. Lakin bu zaman yanğın daha da şiddətlənib və taxta konstruksiyaları tamamilə bürüyüb. Nəticədə baba və nəvə yanaraq vəfat ediblər.

Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd olunur ki, bir-birinə bitişik taxta konstruksiyalardan ibarət evlərdə alov söndürülüb. Ümumilikdə 50 kv.m. və 75 kv.m. sahəsi olan birmərtəbəli evlərin yanar konstruksiyaları yanıb. Hadisə yerinə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri gəliblər. Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu