Hizbullah: İsrailin şimalındakı hərbi nöqtələrə hücumlar etdik
Hizbullah İsrailin şimalındakı çox sayda hərbi obyekti hədəf aldığını bəyan edib.
AFN.az xəbər verir ki, təşkilatın "Telegram" hesabı vasitəsilə yayılan açıqlamada gecə saatlarından etibarən İsrail ordusuna məxsus hədəflərə raketlər, pilotsuz uçuş aparatları (PUA) və artilleriya atəşi ilə ümumilikdə 15 hücumun reallaşdırıldığı bildirilib.
Məlumata görə, Livanın cənubundakı Şema qəsəbəsində İsrail əsgərləri ilə birbaşa toqquşmalar baş verib. Bundan əlavə, Qantara, Deyr Siryan və Taybe qəsəbələri ilə yanaşı, Adise bölgəsindəki Tel Avida məntəqəsində İsrail hərbçiləri və texnikasının hədəf alındığı qeyd olunub.
Hizbullah İsrailin şimalına yönəlik əməliyyatların davam etdiyini, Hayfada yerləşən "Yodefat" hərbi sənaye şirkətinin raketlərlə vurulduğunu vurğulayıb. Açıqlamada həmçinin Safed şəhərindəki "Mahanim", Təbəriyyə gölü yaxınlığındakı "Amiad" və "Meron" Hərbi Hava Qüvvələri bazalarına, eləcə də Kiryat Şimona və Misgav Am yaşayış məntəqələrinə hücumların təşkil edildiyi ifadə olunub.
