ABŞ Delsi Rodrigesə qarşı sanksiyaları ləğv etdi
ABŞ yanvarın 3-də Venesuelada həyata keçirdiyi hərbi müdaxilə nəticəsində Nikolas Maduronun saxlanılmasından sonra fəaliyyətə başlayan müvəqqəti prezident Delsi Rodrigesə qarşı sanksiyaların ləğv edildiyini açıqlayıb.
AFN.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Venesuela ilə bağlı sanksiya siyahısında yeniləmə apararaq Rodrigesin adını siyahıdan çıxarıb.
Qərar rəsmi olaraq qüvvəyə minib və tərəflər arasında diplomatik münasibətlərin yeni mərhələsi kimi qiymətləndirilir. Müvəqqəti prezident Rodriges "X" sosial media platformasındakı hesabında bu qərarı ölkələr arasındakı münasibətlərin normallaşdırılması və gücləndirilməsi yolunda mühüm addım kimi xarakterizə edib.
O, bu prosesin gələcəkdə Venesuelaya qarşı tətbiq edilən digər əlavə sanksiyaların da tamamilə aradan qaldırılmasına imkan yaradacağına inandığını bildirib.
Qeyd edək ki, Rodriges yanvar ayında Maduronun ABŞ hərbi müdaxiləsi ilə hakimiyyətdən uzaqlaşdırılmasından sonra ölkənin müvəqqəti rəhbəri vəzifəsinin icrasına başlamışdı.
