Taylandda keçirilən Sonqkran festivalı ərəfəsində 191 nəfər ölüb
Taylandda ənənəvi "su döyüşü" bayramında ölkə daxilindəki intensiv hərəkət və qayda pozuntuları səbəbindən festivalın ilk üç günündə 191 nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, hər il ənənəvi yeni ili qeyd etmək məqsədilə təşkil olunan və "dünyanın ən böyük su döyüşü" kimi tanınan Sonqkran festivalı bu il də ağır faciə ilə sarsılıb. Milyonlarla insanın Banqkok kimi böyük şəhərlərdən doğma yurdlarına axın etməsi yolları sanki ölüm tələsinə çevirib.
Hökumətin aldığı ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, festivalın ilk günündə 51 nəfər yollarda can verib. Qəzaların əsas səbəbləri arasında 42 faizlə yüksək sürət ilk sırada yer aldığı halda, bunu 27,4 faizlə spirtli içki qəbulu izləyib.
Mütəxəssislər kaska taxmamaq kimi riskli davranışların "yeddi təhlükəli gün" olaraq adlandırılan bu dövrdə ölümləri artırdığını bildirirlər. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Tayland yol qəzalarının ən ölümcül olduğu ölkələr arasında onsuz da doqquzuncu yerdədir.
Şənliklər zamanı asayişi pozanlara qarşı təhlükəsizlik qüvvələri sərt müdaxilələr də edir; hərəkətə mane olduqları üçün 7 fransız turist saxlanılıb. Buna baxmayaraq, festival ölkəyə 500 min civarında xarici turist cəlb edərək təxminən 900 milyon dollarlıq iqtisadi canlanma yaratmağa davam edir.


