BMT: Ümidimiz ABŞ ilə İran arasında atəşkəsin uzadılmasıdır



Birləşmiş Millətlər Təşkilatı bu gecə başa çatması gözlənilən ABŞ və İran arasındakı atəşkəsin uzadılacağına və diplomatiyanın yenidən ön plana çıxacağına ümid etdiyini bildirib.

AFN.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransı zamanı mövzu ilə bağlı sualları cavablandırıb. Baş katib Antonio Quterreşin atəşkəsin davam etdirilməsi üçün tərəflərlə əlaqə saxlayıb-saxlamadığı sualına cavab verən Düjarrik bildirib ki, həm Baş katib, həm də onun şəxsi nümayəndəsi Jan Arno tərəflərlə ünsiyyəti davam etdirir. O, ən böyük arzularının ABŞ ilə İran İslam Respublikası arasında atəşkəsin müddətinin artırılması üçün dialoqun bərpası və diplomatiyanın tam şəkildə tətbiq olunması olduğunu vurğulayıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlardan sonra bölgə ölkələrinə sıçrayan müharibə aprelin 8-də ABŞ və İran arasında əldə olunmuş iki həftəlik atəşkəslə nəticələnmişdi. Aprelin 11-də Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilən danışıqlarda tərəflər bir araya gəlsə də, həmin görüşlərin razılıq əldə olunmadan başa çatdığı açıqlanmışdı. Bu həftə İslamabadda keçirilməsi planlaşdırılan ikinci mərhələ danışıqların dəqiq vaxtı isə hələlik qeyri-müəyyən olaraq qalır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu