Pakistan: İran ABŞ ilə İslamabadda keçiriləcək müzakirələrdə iştirakını təsdiqləyib
Pakistan tərəfi İranın Vaşinqton və Tehran rəhbərlikləri arasında paytaxt İslamabadda keçirilməsi planlaşdırılan müzakirələrə qatılacağını təsdiqlədiyini bildirib.
AFN.az xəbər verir ki, Pakistan Baş Nazirliyinin "X" sosial media platformasındakı hesabından verilən bəyanata görə, Baş nazir Şahbaz Şərif ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Görüş zamanı Pezeşkian İranın Vaşinqton və Tehran arasında İslamabadda təşkil olunacaq danışıqlarda iştirak edəcəyini rəsmən təsdiq edib. Pezeşkian həmçinin Pakistan rəhbərliyinin İran və ABŞ arasında müvəqqəti atəşkəsin təmin olunması istiqamətindəki səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.
Pakistan Baş naziri Şərif isə İranın atəşkəsi qəbul etməsini və müzakirələrə razılıq verməsini məmnuniyyətlə qarşıladığını ifadə edib. Danışıqlar zamanı hər iki lider təmasları davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Baş nazir Şərif bir qədər əvvəl Yaxın Şərqdə artan gərginliyin həlli üçün ABŞ və İran arasındakı müzakirələrə ev sahibliyi etməyə hazır olduqlarını bəyan etmişdi.

