İndoneziyanın maliyyə naziri: Ölkəmiz sağ qalmaq rejimindədir
İndoneziyanın maliyyə naziri Purbaya Yudhi Sadeva ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin qlobal iqtisadi təsirləri fonunda ölkəsinin sağ qalmaq rejimində olduğunu bəyan edib.
AFN.az xəbər verir ki, "Antara News" saytının yaydığı məlumata görə, Sadeva paytaxt Cakartada keçirilən simpoziumda Yaxın Şərqdəki vəziyyəti dəyərləndirib. Nazir İndoneziya Prezidenti Prabovo Subiantonun hazırkı şəraitdə iqtisadi artımı qorumaq üçün bütün resurslardan maksimum dərəcədə istifadə edilməsi tərəfdarı olduğunu qeyd edib.
"Prezidentin fikrincə, hazırda sağ qalmaq rejimindəyik, buna görə də işlər əvvəlki kimi davam edə bilməz" deyən Sadeva, hökumətin infrastrukturun inkişafı, enerji təhlükəsizliyinin gücləndirilməsi və regional iqtisadi tərəqqiyə fokuslandığını bildirib.
Nazir həmçinin İndoneziyanın qlobal ticarət və enerji marşrutlarının kəsişməsində yerləşdiyini xatırladaraq, Malakka boğazından keçən gəmilər üçün ödəniş sisteminin tətbiqi məsələsinin qonşu ölkələrlə koordinasiyalı şəkildə nəzərdən keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, mühüm su yolundan istifadə edən gəmilərdən rüsum alınmaması hazırkı iqtisadi vəziyyətdə dəyişdirilməsi vacib olan məqamlardan biridir.


