Avstraliya: Müharibənin iqtisadi təsirləri aylarla davam edəcək
Avstraliyanın Baş naziri Entoni Albaneze ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin ölkə iqtisadiyyatına mənfi təsirlərinin aylarla hiss olunacağını bəyan edib.
AFN.az xəbər verir ki, hökumət başçısı sosial media hesabları vasitəsilə xalqa müraciətində tədarük zəncirindəki axsamalar və artan yanacaq xərcləri ilə bağlı xəbərdarlıq edib.
Yaxın Şərqdəki hərbi münaqişənin neft qiymətlərində ciddi artıma səbəb olduğunu xatırladan Albaneze, Avstraliyanın birbaşa iştirak etmədiyi bu müharibəyə görə ölkə vətəndaşlarının daha yüksək qiymətlər ödəmək məcburiyyətində qaldığını vurğulayıb. "Reallıq budur ki, bu müharibənin yaratdığı iqtisadi şok aylarla bizimlə olacaq" — deyə o bildirib.
Baş nazir qeyd edib ki, Milli Kabinet martın 30-da "Milli Yanacaq Təhlükəsizliyi Planı"nı təsdiqləyib və bu çərçivədə yanacaq vergisində 50 faizlik endirim edilib. Ölkəyə daha çox neft və gübrə gətirmək üçün regiondakı ticarət əlaqələrindən istifadə olunacağını deyən Albaneze, xalqı yanacaq böhranına qarşı qənaətə çağırıb.
Avstraliyanın atdığı bu addımlar qlobal enerji bazarındakı qeyri-müəyyənlik fonunda daxili bazarı qorumağa xidmət edir. Lakin logistik çətinliklərin davam etməsi inflyasiya təzyiqini artırmağa davam edə bilər.
