Pakistan Əfqanıstana diplomatik nota verdi



Pakistan Xarici İşlər Nazirliyi Xeyber-Paxtunxva əyalətinin Bannu bölgəsində 15 polisin həyatını itirdiyi terror aktından sonra Əfqanıstana diplomatik nota verildiyini açıqlayıb.

AFN.az xəbər verir ki, nazirlikdən edilən bəyanatda mayın 9-da Bannu bölgəsindəki polis bölməsinə hücumla əlaqədar Əfqanıstanın işlər vəkili nazirliyə çağırılıb.

Açıqlamada qeyd olunub ki, hadisə ilə bağlı aparılan ətraflı araşdırma, toplanan sübutlar və texniki kəşfiyyat məlumatları bu terror aksiyasının Əfqanıstanda məskunlaşan terrorçular tərəfindən planlaşdırıldığını sübut edir.

İslamabad rəhbərliyi Əfqanıstan ərazilərindən Pakistana qarşı terror hücumlarında istifadə edilməsindən ciddi narahatlıq duyduğunu və hücumun icraçılarına qarşı qətiyyətli şəkildə cavab vermə hüququnu özündə saxladığını vurğulayıb.

Bəyanatda o da iddia edilib ki, Əfqanıstandakı terror qruplaşmalarının mövcudluğu və onların fəaliyyət göstərməsinə şərait yaradan mühit Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq monitorinq qrupları və digər beynəlxalq təşkilatların hesabatlarında sənədləşdirilib.

Terrorla mübarizənin ortaq bir məsələ olduğu bildirilən açıqlamada Əfqanıstanın öz ərazisindən digər ölkələrə qarşı terror fəaliyyətləri üçün istifadə edilməsinə icazə verməmək öhdəliyini yerinə yetirməli olduğu ifadə edilib.

Digər tərəfdən, Əfqanıstan rəhbərliyi mövzu ilə bağlı hələlik hər hansı rəsmi açıqlama verməyib.

Xatırladaq ki, mayın 9-da Pakistanın Xeyber-Paxtunxva əyalətində polis məntəqəsinə təşkil edilən kamikadze hücumu nəticəsində 15 polis əməkdaşı həlak olmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu