Yaponiyada qatarda yayılan qəribə qoxu 10 nəfəri xəstəxanalıq etdi



Tokio yaxınlığında hərəkətdə olan bir qatarda yayılan naməlum qoxu panikaya səbəb olub. 

AFN.az xəbər verir ki, boğaz yanması və nəfəs darlığı yaşayan təxminən 10 nəfər xəstəxanaya yerləşdirilib və hadisənin səbəbi araşdırılır.

Yaponiyada Tokio yaxınlığında hərəkətdə olan qatarda yayılan müəmmalı qoxu sərnişinlər arasında təşviş yaradıb. İlkin məlumata görə, təxminən 10 sərnişin özünü pis hiss edərək xəstəxanaya aparılıb.

Hadisə mayın 10-da saat 16:30 radələrində Şərqi Yaponiya Dəmir Yolları Şirkətinə (JR East) məxsus Tokaido xətti üzrə hərəkət edən qatarda baş verib. Qatar Kanaqava prefekturasındakı Odavara stansiyasından Qunma prefekturasındakı Takasaki istiqamətinə gedərkən bəzi sərnişinlər vaqonda qəribə qoxu hiss etdiklərini bildirib.

Yerli mediada yayılan xəbərlərə görə, bəzi sərnişinlərdə öskürək, boğaz qıcıqlanması və nəfəs almaqda çətinlik müşahidə olunub. Sərnişinlərdən biri vaqonda bibərə bənzər kəskin qoxu hiss etdiyini bildirib.

Qatar Kanaqava prefekturasındakı Kavasaki stansiyasında təcili şəkildə dayandırılıb. Hadisə yerinə 20-dən çox təcili tibbi yardım maşını və xilasedici briqada cəlb olunub.

Tokyo Weekender nəşrinin məlumatına görə, 30 yaşlarında bir qadın təcili yardım xidmətinə zəng edərək qatarda naməlum maddə qoxusunun yayıldığını bildirib. Qadın, həyat yoldaşı və bir yaşlı uşağı ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb. Səlahiyyətlilər ailənin sağlamlıq vəziyyətinin ciddi olmadığını açıqlayıb.

The Japan Times qəzetinin yazdığına görə, hadisə yerinə gələn yanğınsöndürənlər apardıqları qaz ölçmələri zamanı təhlükəli maddə aşkarlamayıblar. Şahidlər də qatarda hər hansı maddənin püskürdüldüyünü görmədiklərini bildiriblər.

Polis və istintaq qrupları vaqonda zərərli qazın aşkarlanmadığını, lakin hadisənin səbəbinin hələ müəyyən edilmədiyini açıqlayıb. Hadisədən sonra JR East şirkəti Yokohama ilə Şinaqava arasında Tokio istiqamətində hərəkət edən Tokaido xətti üzrə qatarların hərəkətini müvəqqəti dayandırıb.

Səlahiyyətlilər sərnişinlərə təsir edən maddənin nə olduğunun müəyyənləşdirilməsi üçün araşdırmaların davam etdiyini açıqlayıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu