Elm adamları açıqladı: İnsanların əksəriyyəti niyə sağ əlindən istifadə edir?
Yeni bir araşdırma insanların böyük əksəriyyətinin niyə niyə sağ əlindən istifadə etdiyini ortaya qoyub.
AFN.az xəbər verir ki, Oksford Universitetinin alimlərinə görə, sağ əl üstünlüyü insan beyninin inkişafı və iki ayaq üzərində yeriməyə başlaması ilə bağlı ola bilər.
Dünyadakı insanların təxminən 90 faizi sağ əlindən dominant olaraq istifadə edir. Məktəb partalarından tutmuş gündəlik əşyalara qədər bir çox sistem də məhz bu çoxluğa uyğun olaraq dizayn edilib. Elm adamları isə illərdir insanların niyə böyük ölçüdə sağ əlindən istifadə etdiyini anlamağa çalışırdı.
Oksford Universitetinin apardığı yeni tədqiqat sağ əl üstünlüyünün insan beyninin təkamülü ilə əlaqəli olduğunu müəyyən edib. Tədqiqata əsasən, bu vəziyyət insanların iki ayaq üzərində yeriməyə başlaması ilə əlaqədar ola bilər. Çalışmada əl seçiminə dair izlərin bəşəriyyət tarixinin çox qədim dövrlərinə qədər uzandığı qeyd olunub.
Tədqiqatçılar digər primat növlərində əl istifadəsinin daha balanslı olduğunu, insanların isə aydın şəkildə tək bir əli seçdiyini vurğulayıblar. Alimlərin fikrincə, insanların dik yeriməyə başlaması və daha böyük beyinlərin inkişaf etməsi sağ əldən istifadənin yayılmasında təsirli rol oynayıb.
Araşdırmada əl seçiminin hələ ana bətnində başladığı və yeniyetməlik dövrünə qədər formalaşmağa davam etdiyi bildirilib. Mütəxəssislər ətraf mühit faktorlarının da təsirli olduğunu qeyd edirlər.
Xüsusilə uşaqlıq dövründə bir əldən daha tez-tez istifadə edilməsi sümük quruluşu və əzələ gücü üzərində fiziki fərqliliklər yarada bilir. Elm adamları dominant olmayan əlin istifadə edilməsinin beyində yeni sinir əlaqələri qura biləcəyini ifadə edirlər.
"Neyroplastiklik" adlandırılan bu proses sayəsində beynin hərəkət və koordinasiya bölgələri güclənə bilir. Tədqiqatçılara görə, dominant əl daha çox incə motor bacarıqlarında önə çıxdığı halda, digər əl tarazlıq və dəstək funksiyalarında daha aktiv rol oynayır.
Araşdırma sağ əldən istifadənin bioloji əsaslarına dair mühüm ipucları təqdim etsə də, ekspertlər ətraf mühit amillərinin hələ də böyük rol oynadığını bildirirlər. Solaxay fərdlərin isə gündəlik həyatda hələ də sağ əldən istifadəyə görə dizayn edilmiş dünyaya uyğunlaşmağa çalışdıqları qeyd olunur.

