NATO Hərbi Komitəsinin sədri: Fırtınanın ortasındayıq
NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone mövcud böhranların dərinləşməsi ilə yanaşı, yeni böhranların da meydana çıxdığına diqqət çəkərək, "Biz sakit dənizdə deyilik, fırtınanın ortasındayıq" deyib.
AFN.az xəbər verir ki, NATO-nun Baş Qərargah rəisləri Alyansın müdafiə, çəkindirmə, innovasiya və uyğunlaşma qabiliyyətini qiymətləndirmək üçün Belçikanın paytaxtı Brüsseldəki qərargahda bir araya gəliblər.
İclasın açılışında çıxış edən Draqone NATO-nun şərqdən cənuba, Uzaq Şimaldan Arktikaya qədər bütün cəbhələrdə həftənin 7 günü, günün 24 saatı yüksək hazırlıq vəziyyətində qalmağa davam etdiyini vurğulayıb.
Yanvar ayında keçirilən son NATO Baş Qərargah rəisləri iclasından sonra mövcud böhranların dərinləşdiyini və yeni böhranların ortaya çıxdığını bildirən Draqone "Biz sakit dənizdə deyilik, fırtınanın ortasındayıq" xəbərdarlığını edib.
"Dəqiqlik, intizam və hərəkət zamanıdır" deyən Draqone Rusiya-Ukrayna müharibəsinin 5-ci ilinə qədəm qoyduğunu xatırladaraq, müharibənin hələ də amansız, nəticələri ağır və birbaşa Alyans üzvlərinin təhlükəsizliyi ilə bağlı olduğunu dilə gətirib.
Eyni zamanda NATO-nun cənub qonşuluq bölgəsində də qeyri-sabitlik və şiddətin davam etdiyinə diqqət çəkən Draqone ticarət yollarının təzyiq altında qalmağa davam etdiyini, enerji axınlarının kövrəkliyini qoruduğunu söyləyib.
Hibrid təhdidlərin də davam etdiyini vurğulayan Draqone "Bu dövr dəqiqlik, intizam və hərəkət zamanıdır. Yaxın dövrdə sınaqdan keçdik və özümüzü müdafiə edə bildiyimizi göstərdik. Çəkindirmə qabiliyyətimiz və hazırlıq səviyyəmiz gücləndi. Vəziyyəti anlama qabiliyyətimiz daha da kəskinləşdi" dəyərləndirməsini edib.
Draqone yalnız sürətli hərəkət etməyin artıq kifayət olmadığını, eyni zamanda uyğunluğu, birliyi və strateji istiqaməti qoruyaraq daha doğru qərarların qəbul edilməsinin vacib olduğunu bildirib.
Qeyd edək ki, NATO-ya üzv ölkələrin Baş Qərargah rəisləri ildə iki dəfə bir araya gələrək Alyansın hərbi strategiyalarını formalaşdırırlar.



