NATO: Ankara sammitində öhdəliklər artıq fəaliyyətə çevrilməlidir



NATO Baş katibinin müavini Radmila Şekerinska 7-8 iyul tarixlərində keçiriləcək Ankara sammitindən əsas gözləntinin qəbul edilmiş öhdəliklərin real fəaliyyətə çevrilməsi olduğunu bildirib.

AFN.az xəbər verir ki, Şekerinska Litvanın paytaxtı Vilnüsdə təşkil olunan NATO Parlament Assambleyasının yaz sessiyasında çıxış edib.

Rumıniyaya düşən pilotsuz uçuş aparatı (PUA) hadisəsindən sonra bu ölkə ilə tam həmrəy olduqlarını təkrarlayan Baş katib müavini müttəfiqlərin Rusiyanın nələr edə biləcəyini, nələrə hazır olduğunu və addımlarının nə dərəcədə ehtiyatsız xarakter aldığını çox yaxşı bildiklərini diqqətə çatdırıb.

O, Rusiyanın bu cür məsuliyyətsiz davranışlarının hər kəs üçün təhlükə yaratdığına, Ukraynaya yönəlmiş hücumların birbaşa ittifaqın təhlükəsizliyinə təsir göstərdiyinə işarə edib.

Şekerinska Ukraynadakı müharibə başa çatsa belə, Rusiyanın NATO-ya yönəlmiş təhdidlərinin ortadan qalxmayacağını bildirərək, ayıq-sayıqlığı heç vaxt əldən verməməyin əsas vəzifə olduğunu vurğulayıb.

Rusiyanın öz büdcəsinin 40 faizini müdafiə sahəsinə ayırdığını xatırladan rəsmi nümayəndə sülhdə maraqlı olan və ya mövcud nizamı qorumaq istəyən bir dövlətin bu cür addım atmayacağını qeyd edib.

Digər tərəfdən, qlobal mənzərəyə baxdıqda Çinin də şəffaflıqdan uzaq şəkildə silahlı qüvvələrini modernləşdirməyə və nüvə potensialını genişləndirməyə davam etdiyini, İranın isə uzun müddətdir həm nüvə, həm də ballistik raket proqramları ilə təhlükə yaratdığını sözlərinə əlavə edib.

Dünyanın daha təhlükəli və qeyri-sabit bir mərhələyə qədəm qoyduğunu deyən Şekerinska təhlükəsizliyə investisiya qoymağın və müdafiəni birlikdə gücləndirməyin vacibliyini ifadə edib.

Ankara sammitinə dair gözləntilərin və mesajların tamamilə aydın olduğunu vurğulayan Baş katib müavini maliyyə resurslarının döyüşə hazır imkanlara çevrilməsi, müdafiə sənayesinin əhəmiyyətli dərəcədə böyüdülməsi və Ukraynaya güclü dəstəyin davam etdirilməsi məsələlərinin diqqət mərkəzində olacağını və görüşün tamamilə konkret nəticələr əldə etməyə hədəflənəcəyini bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu