Ağırlıq qaldırmaq ömrü həqiqətən uzada bilərmi?
Yeni bir araşdırma həftədə 90-120 dəqiqə ağırlıq məşqi etməyin vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda biləcəyini göstərir.
AFN.az xəbər verir ki, onilliklər boyu aparılan tədqiqatlardan əldə edilən məlumatlar uzun müddət ərzində müntəzəm müqavimət və ya ağırlıq məşqləri etməyin ürək xəstəlikləri və insult qaynaqlı ölüm ehtimalını ciddi şəkildə azaltdığını ortaya qoyub.
Əldə edilən faydalar arasında nevroloji xəstəliklərdən ölüm riskinin azalması da yer alır.
Ekspertlər bu nəticələrin gücləndirmə məşqlərinin sağlamlığın pisləşməsinin qarşısını almaqda və ya bunu gecikdirməkdə kömək edə biləcəyinə, həmçinin həddindən artıq yüklənmiş səhiyyə xidmətləri üzərindəki təzyiqi yüngülləşdirəcəyinə dair yeni bir sübut olduğunu ifadə ediblər.
Qaçış, velosiped sürmək və ya üzmək kimi aerobik məşqlərin faydaları çoxdandır məlumdur.
İngiltərə Milli Səhiyyə Sistemi (NHS) müntəzəm aerobik fəaliyyətin stressi azaltmaq və özünə inamı artırmaq kimi təsirləri ilə yanaşı, ürək xəstəlikləri, insult və tip 2 diabet riskini də aşağı sala biləcəyini qeyd edir.
Gücləndirmə məşqlərinin ölüm riskini azaltmaqdakı rolu indiyə qədər bu qədər dəqiq bilinmirdi, lakin bu vəziyyət artıq dəyişməyə başlayıb.
Tədqiqatçılar 30 ildən artıq bir dövrdə 147 min 374 kişi və qadının qatıldığı üç fərqli çalışmanın məlumatlarını araşdırıblar.
Həftədə müntəzəm olaraq 90 dəqiqə ilə iki saat arasında ağırlıq məşqi edənlərin hər hansı bir səbəbdən vaxtından əvvəl ölüm riskini 13 faiz azaltdığı müəyyən edilib.
Ürək tutması və ya insult kimi ürək-damar xəstəliklərindən ölüm riski 19 faiz daha aşağı düşdüyü halda, demans kimi nevroloji xəstəliklərə bağlı ölüm nisbətindəki azalma 27 faiz ilə daha yüksək bir səviyyədə reallaşıb.
Araşdırmaçılar ən aşağı risklərin həm yüksək səviyyədə aerobik məşq, həm də gücləndirmə məşqləri edən şəxslərdə qeydə alındığı qənaətinə gəliblər.
Həftədə uzun saatlar boyu aerobik məşqlər edən bu ən aktiv qrupda hər hansı bir səbəbdən vaxtından əvvəl ölüm riski 58 faizə qədər azalıb.
Lakin həftədə iki saatdan çox gücləndirmə məşqi etməyin əlavə bir fayda təmin etmədiyi də müəyyən olunub.
Fərdi məşqçi Bev Vilson ağırlıq məşqlərinin xüsusilə oynaq ağrısı, enerji çatışmazlığı, zəif maddələr mübadiləsi və çəki artımı problemləri yaşayan insanlara kömək etdiyini bildirib.
Vilson güc məşqlərinin qandakı şəkər səviyyəsini tənzimləməyə, oynaq ağrılarını yüngülləşdirməyə və sümükləri gücləndirməyə kömək etdiyini ifadə edib.
Ağırlıqla işləməyin beyin sağlamlığı üzərində də müsbət təsirləri olduğunu qeyd edən Vilson insanların iş yerində daha yaxşı cəmləşə bildiklərini, yaddaşlarının gücləndiyini və koqnitiv funksiyalarında inkişaf qeydə alındığını diqqətə çatdırıb.
"Sport England"ın Sağlamlıq və Rifah Siyasəti üzrə Strateji Rəhbəri Tom Berton fiziki aktivliyin daha sağlam, daha firavan və daha xoşbəxt cəmiyyətlərin açarı olduğunu vurğulayıb.
Berton gücə əsaslanan fiziki fəaliyyətin xüsusilə sağlam qocalmanı dəstəkləməkdə, hərəkətliliyi və müstəqilliyi qoruyub saxlamaqda güclü bir vasitə olduğunu sözlərinə əlavə edib.

