BMT TŞ-nin 2027-2028-ci illər dövrü üçün 5 yeni qeyri-daimi üzvü seçilib
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) 2027-2028-ci illər dövrü üçün 5 yeni qeyri-daimi üzvü keçirilən seçkilərlə müəyyənləşib.
AFN.az xəbər verir ki, BMT TŞ-nin 2 illik 5 yeni qeyri-daimi üzvlüyü üçün BMT Baş Assambleyasında qapalı səsvermə üsulu ilə seçki baş tutub. İlk turda seçkiyə rəqibsiz qatılan Afrika qrupundan Zimbabve 182, Latın Amerikası və Karib hövzəsi qrupundan isə Trinidad və Tobaqo 181 səs toplayaraq 2 il müddətinə BMT TŞ-nin üzvü seçiliblər.
Qərbi Avropa və digər dövlətlər qrupu kateqoriyasından Avstriya, Almaniya və Portuqaliya BMT TŞ-də boşalacaq 2 yer üçün səs toplamağa çalışıblar. Portuqaliya 134, Avstriya isə 131 səslə BMT TŞ üzvlüyünü təmin etdiyi halda, Almaniya 105 səslə geridə qalıb.
Asiya-Sakit okean qrupunda tək yer uğrunda mübarizə aparan Qırğızıstan 105, Filippin isə 85 səs toplayaraq ilk turda tələb olunan üçdə iki səs çoxluğunu qazana bilmədiyi üçün seçkilər ikinci və üçüncü tura qalıb. Üçüncü turda Filippin 49 səsdə qaldığı halda, Qırğızıstan 142 səslə BMT TŞ üzvlüyünə seçilməyi bacarıb.
Yeni seçilən üzvlər 2027-ci ilin əvvəlindən etibarən BMT TŞ-də bu ilin sonunda səlahiyyət müddəti başa çatacaq qeyri-daimi üzvlər — Danimarka, Yunanıstan, Pakistan, Panama və Somalini 2 il müddətinə əvəz edəcəklər. Bəhreyn, Kolumbiya, Konqo Demokratik Respublikası, Litva və Liberiya isə hazırda BMT TŞ-də yer alan digər 2 illik qeyri-daimi üzvləri təşkil edirlər.
BMT Təhlükəsizlik Şurası veto hüququna malik 5 daimi üzvdən (ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya) və 2 illik müddətə seçilən 10 qeyri-daimi üzvdən ibarətdir. BMT TŞ üzvləri növbəli şəkildə hər ay Şuraya sədrlik edirlər. Hər dövr bölgələrə görə kvota ayrılan BMT TŞ üzvlüyünə seçilmək üçün BMT Baş Assambleyasında səsvermədə iştirak edən ölkələrin ən azı üçdə ikisinin səsini qazanmaq tələb olunur.
Almaniya BMT Baş Assambleyasındakı ilk tur səsvermədə Portuqaliya və Avstriyadan geri qalaraq 2027-2028-ci illər dövrü üçün Qərbi Avropa və digər dövlətlər qrupuna ayrılan iki yerdən heç birini qazana bilməyib. Portuqaliya 134, Avstriya isə 131 səslə BMT TŞ üzvlüyünü təmin etdiyi halda, Almaniya 105 səslə prosesdən kənarda qalıb. İlk turda seçkiyə rəqibsiz qatılan Afrika qrupundan Zimbabve 182, Latın Amerikası və Karib hövzəsi qrupundan isə Trinidad və Tobaqo 181 səs toplayaraq 2 il müddətinə BMT TŞ-nin üzvü seçiliblər.


