İsrail və Livan atəşkəs barədə razılığa gəliblər



ABŞ Dövlət Departamentinin yaydığı bəyanata əsasən, Vaşinqtonda keçirilən və ABŞ-nin vasitəçilik etdiyi birbaşa danışıqların dördüncü raundunun nəticəsi olaraq İsrail və Livan atəşkəsin tətbiq olunması məsələsində ortaq məxrəcə gəliblər.

AFN.az xəbər verir ki, əldə olunan razılaşmanın icrası birbaşa olaraq Livan Hizbullahının hücumları tamamilə dayandırması və özünün bütün silahlı ünsürlərini ölkənin cənubundakı Litani çayının şimalına təxliyə etməsi şərtinə bağlanıb.

Üçtərəfli birgə bəyanatda həmçinin qeyd olunub ki, ABŞ-nin rəhbərliyi və istiqamətləndirməsi ilə Livan Silahlı Qüvvələrinin müəyyən ərazilərdə nəzarəti tam və təkbaşına ələ alacağı xüsusi pilot zonalar yaradılacaq. Tərəflər daha genişmiqyaslı və daimi sülh sazişinin imzalanması, eləcə də siyasi-təhlükəsizlik məsələlərinin detallı müzakirəsi məqsədilə 22 iyunda yenidən bir araya gəlməyə razılıq veriblər.

Buna baxmayaraq bölgədə gərginlik hələ də tam səngiməyib. İsrailin Müdafiə naziri Yisrael Kats şərti atəşkəs elanına rəğmən Livanın cənubundakı hərbi əməliyyatların və hərəkət azadlığının davam edəcəyini iddia edərkən, Hizbullahın hələlik rəsmi bir mövqe nümayiş etdirmədiyi və cənub bölgələrində bəzi qarşılıqlı atəşkəs pozuntularının baş verdiyi bildirilir.

Livan Prezidenti Cozef Aun isə bu razılaşmanı ölkənin yekun və hərtərəfli atəşkəsə nail olması üçün son şans kimi qiymətləndirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu