Qədim Çin bitkisi keçəlliyin çarəsi ola bilər
Yeni araşdırma ənənəvi Çin təbabətində əsrlərdir istifadə edilən "He Shou Wu" (Düyünotu kökü) kökünün saç tökülməsini yavaşlatmaqla yanaşı, saç follikullarının (soğanqalaqlarının) bərpasını da dəstəkləyə biləcəyini ortaya qoyub.
AFN.az xəbər verir ki, elm adamları ənənəvi Çin təbabətində min ildən artıqdır tətbiq olunan bu bitki kökünün kişi tipli keçəlliyin müalicəsində effektiv ola biləcəyini açıqlayıblar.
Kişi tipli keçəllik kimi tanınan androgenetik alopesiya saç follikullarının zamanla kiçilməsinə səbəb olaraq saçların incəlməsinə və böyüməsinin yavaşlamasına gətirib çıxarır.
Günümüzdə istifadə edilən "finasterid" və "minoksidil" kimi müalicə üsulları bəzi insanlarda fayda versə də, cinsi funksiya pozuntusu və baş dərisinin qıcıqlanması kimi yan təsirlərə görə hər kəs üçün uyğun hesab edilmir.
Araşdırmaçılar Çin dilində "He Shou Wu" adı ilə bilinən bitkinin qurudulmuş kökünün saç artımını dəstəkləyən birdən çox bioloji mexanizmə təsir göstərə bildiyini müəyyən ediblər.
Tədqiqata əsasən, bu bitki saç tökülməsində mühüm rol oynayan dihidrotestosteron (DHT) hormonunun təsirlərini azaldaraq saç follikullarını qoruya bilir.
Bundan əlavə, onun follikul hüceyrələrinin vaxtından əvvəl məhv olmasının qarşısını ala biləcəyi və baş dərisində qan dövranını artıra biləcəyi ehtimal olunur.
Elm adamları bitkinin hüceyrə böyüməsi, toxumaların bərpası və hüceyrələrarası rabitədə iştirak edən bioloji siqnalları da aktivləşdirdiyini, bunun isə saç follikullarının yenidən böyümə mərhələsinə keçmə ehtimalını artırdığını ifadə ediblər.
Araşdırmanın müəlliflərindən biri olan Han Biksian (Han Bixian) tarixi mənbələrdə təsvir edilən təsirlərin müasir saç biologiyası ilə diqqətçəkən şəkildə üst-üstə düşdüyünü bildirərək, "Müasir tədqiqatlar bunun folklor deyil, farmakologiya olduğunu təsdiqləyir", - deyə vurğulayıb.
Sözügedən elmi işdə laboratoriya araşdırmaları, klinik hesabatlar və tarixi bitki qeydləri birlikdə təhlil edilib.
Əldə olunan nəticələr "He Shou Wu" bitkisinin təkcə mövcud saçları qorumaqla qalmayıb, həm də saçların yenidən bərpası üçün lazımi şərait yarada biləcəyinə işarə edir.
Araşdırmaçılar düzgün emal edildiyi təqdirdə bitkinin müsbət təhlükəsizlik profili nümayiş etdirdiyini və mövcud dərmanların yan təsirlərindən ehtiyat edən şəxslər üçün alternativ bir seçim ola biləcəyini qeyd edirlər.
Lakin ekspertlər qəti nəticələr üçün daha genişmiqyaslı klinik sınaqların keçirilməsinin vacibliyini vurğulayırlar.
