Alimlər xərçəngin qarşısını ala bilən təbii maddə aşkar ediblər

Alimlər xərçəng kimi ciddi xəstəliklərin inkişafını dayandıra biləcək təbii birləşmə kəşf ediblər. Bitki mənşəli bu maddə laboratoriya testlərində mühüm bir fermenti təsirsiz hala gətirib. Hazırda onun müalicəvi təsirləri araşdırılır.
Alimlər bəzi xərçəng növlərinin və dağınıq skleroz (MS) kimi sinir hüceyrələrinə zərər verən xəstəliklərin inkişafını dayandıra bilən təbii birləşmə kəşf ediblər. Oreqon Sağlamlıq və Elm Universiteti (OHSU) tərəfindən aparılan bu araşdırma Portlend Universitetində tələbələrin uzun illər əməyi sayəsində mümkün olub.
Araşdırmalarda bitkilərdə tapılan sulfuretin adlı flavonoid birləşmənin xərçəng və MS ilə əlaqəli əhəmiyyətli bir fermenti təsirsiz hala gətirdiyi müəyyən edilib.
Laboratoriya mühitində aparılan təcrübələrdə alimlər sulfuretinin bu fermentin fəaliyyətini dayandırdığını müşahidə ediblər. İndi bu maddənin terapevtik təsirini, təhlükəsizliyini və mümkün yan təsirlərini araşdırmaq üçün heyvanlar üzərində sınaqdan keçirilməsi planlaşdırılır.
Araşdırmanı aparan professorlardan biri olan Larri Şerman kəşf edilən bu birləşmənin bir çox müxtəlif xəstəliklərin müalicəsində istifadə oluna biləcəyini düşünür. Sülfüretinin hialuronidaza adlı fermentin fəaliyyətini maneə törətdiyi aşkar edilib. Bu ferment orqanizmdə hialuron turşusunu parçalayaraq bəzi xəstəliklərə səbəb ola bilər.
Hialuron turşusunun parçalanması sinir hüceyrələrini qoruyan miyelin qabığının təmirini gecikdirə bilər. Bu vəziyyət MS, insult, beyin zədələnməsi və bəzi demans növləri ilə əlaqələndirilir. Həmçinin xərçəng hüceyrələrinin nəzarətsiz şəkildə çoxalmasına səbəb ola bilər. Alimlər sulfuretinin bu prosesi dayandırmaq potensialına malik olduğunu düşünürlər.
Bu mühüm kəşf Portland Universitetində uzun illər aparılan araşdırmalar nəticəsində ortaya çıxıb. Kimya professoru Angela Hoffman və tələbələri bitkilərdən əldə edilən müxtəlif birləşmələri bir-bir araşdıraraq hansının xəstəliklərə qarşı təsirli olduğunu müəyyən ediblər. Bu illər ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, sulfuretin ən perspektivli birləşmələrdən biridir.
Bu araşdırmaya töhfə verən elm adamları sulfuretinin təkcə xərçəng və MS-də deyil, Alzheimer kimi digər neyrodegenerativ xəstəliklərdə də fayda verə biləcəyini düşünürlər. İndi aparılacaq araşdırmalarla bu birləşmənin insan sağlamlığına təsiri daha ətraflı araşdırılacaq.