Bitkoin 8 ayda 1 trilyon dollardan çox dəyər itirib
Ötən payızda 126 min dollarla rekord vuran Bitkoin intensiv satış dalğalarının təsiri ilə 60 min dollar sərhədinə qədər geriləyib.
AFN.az xəbər verir ki, bu enişlə birlikdə kriptovalyuta bazarı səkkiz ay ərzində 1,2 trilyon dollardan çox dəyər itirib və ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövründəki bütün qazanclar sıfırlanıb.
Bitkoin cümə günü baş tutan əməliyyatlarla Trampın 2024-cü ildəki yenidən seçilmə prosesindən dərhal əvvəlki ən aşağı səviyyəsinə düşüb.
Bu vəziyyət Trampın seçilməsindən sonra kriptodost rəhbərliyin gələcəyi gözləntisi ilə başlayan və bir ay sonra Bitkoini ilk dəfə 100 min dollara çatdıran yüksəliş küləyinin tərsinə döndüyünü göstərir.
İl başından bəri təxminən 30 faiz dəyər itirən Bitkoin Trampın vəzifəyə başlamasından bu yana da 6 faizdən çox eniş yaşayıb.
Eyni dövrdə "S&P 500" indeksi bu il təxminən 10 faiz, Trampın ikinci dövrünün başlanğıcından etibarən isə 30 faiz yüksəlib.
Rekord səviyyədən bəri davam edən səkkiz aylıq durğunluq müddəti bəzi investorları satış etməyə məcbur qoyduğu halda, digərlərini də kriptovalyutaların portfeldəki rolunu yenidən dəyərləndirməyə sövq edib.
"Farside Investors" məlumatlarına görə, "BlackRock"un ən böyük Bitkoin birja investisiya fondu (ETF) 15 may ilə 3 iyun arasındakı bütün əməliyyat sessiyalarında xalis vəsait çıxışı qeydə alıb.
Fevral ayının sonlarında İranla başlayan müharibənin ilk günlərində yüksəlişə keçən Bitkoin analitiklərin bu aktivin yenidən rəqəmsal qızıl və ya qeyri-müəyyənliyə qarşı bir qorunma vasitəsi olub-olmayacağını müzakirə etməsinə yol açmışdı.
Lakin kriptovalyuta növbəti mərhələdə bu qazanclarını qoruya bilməyib.
ABŞ səhmləri isə müharibə ilə bağlı ilk enişdən sonra toparlanaraq rekord səviyyələrə çatıb.
Real qızıl isə bu il sabit kurs nümayiş etdirməsinə baxmayaraq, Trampın hakimiyyətə gəlişindən bəri 60 faiz dəyər qazanıb.
Sahibkar və investor Mark Kuban may ayında qatıldığı bir proqramda Bitkoinin gözlənilən qorumanı təmin edə bilmədiyini və bu vəziyyətin məyusluq yaratdığını bildirərək əlindəki aktivlərin böyük hissəsini satdığını açıqlayıb.
Digər tərəfdən, Bitkoin 10 oktyabrda yaşanan və milyardlarla dollarlıq likvidasiyaya səbəb olan qəfil çökmədən sonra hələ də toparlanma əlaməti göstərə bilməyib.
Səhmlər və qızıl kimi aktivlər daha yaxşı performans nümayiş etdirərkən, kriptovalyuta bazarı üzərində fərqli təzyiq elementləri də formalaşıb.
Kriptovalyuta birjası "Coinbase"in səhmləri bu il təxminən 30 faiz dəyər itirib.
Analitiklər son həftələrdə süni intellekt sahəsinə yönələn artan marağın diqqəti kriptovalyutalardan uzaqlaşdırdığını ifadə edirlər.
Strukturunda süni intellekt fəaliyyəti də barındıran "SpaceX" kimi nəhəng şirkətlərin kütləvi təkliflərinə yönəlmiş həyəcan kripto çılğınlığının yerini alır.
"Farside Investors"un icraçı direktoru Conatan Bir bir çox spekulyativ vəsaitin Bitkoin sataraq süni intellekti təqib etdiyini bildirib.
Digər mühüm amil isə inflyasiya göstəriciləri və ABŞ Mərkəzi Bankının (FED) faiz siyasətinə dair qeyri-müəyyənlik olub.
Yüksək gələn inflyasiya hesabatları və güclü məşğulluq məlumatları iqtisadçıların yüksək faiz mühitinin daha uzun müddət davam edəcəyi yönündəki gözləntilərini artırıb.
"Hashdex" Aktiv İdarəçiliyinin Qlobal Bazar Alətləri rəhbəri Ceri O'Şi kriptovalyutaların likvidliyin yüksək və faizlərin aşağı olduğu mühitlərdə daha yaxşı performans göstərdiyini, mövcud qeyri-müəyyənliyin isə təzyiq yaratdığını qeyd edib.
Kripto aktiv meneceri "Bitwise"ın məlumatlarına görə, ayın əvvəlində beş günlük bir müddətdə Bitkoindəki uzun mövqelərdə təxminən 2,5 milyard dollarlıq avtomatik ləğv baş verib.
Bazardakı kəskin hərəkətlərdə mühüm bir Bitkoin investoru olan "Strategy" (MSTR) şirkətinin əməliyyatları da təsirli olub.
Şirkət keçən həftə 2022-ci ildən bəri ilk dəfə satış edərək 32 Bitkoin çıxardığını açıqlayıb.
Bu hadisə kriptovalyutanın 2022-ci ilin noyabrından bəri ən pis həftəsini keçirərək 17 faizdən çox düşməsinə səbəb olub.
Lakin şirkət bazar ertəsi günü qərarını dəyişərək daha 1550 Bitkoin satın alıb və bu addım sektor miqyasında yenidən bir canlanma dalğası başladıb.
Son olaraq, Bitkoin durğun bir dövrdən keçərkən, "Hyperliquid" birjası ilə əlaqəli olan HYPE kimi bəzi alternativ kriptovalyutalar bu il 150 faiz yüksələrək ümumi eniş trendinə qarşı dayana bilib.
Sektor üçün qısamüddətli perspektivdə ən mühüm dönüş nöqtəsi olaraq, hazırda Konqresdə müzakirə edilən və hüquqi çərçivəni müəyyənləşdirərək sektoru qanuniləşdirməyi hədəfləyən CLARITY qanunu önə çıxır.
Bu qanun dollara indeksli stabil kriptovalyutalar ilə Ethereum kimi digər aktivlər üçün də yeni tənzimləmələr gətirəcək.
Ekspertlər qanunun qəbul ediləcəyi təqdirdə kriptovalyuta investisiyalarını artıracaq mühüm bir katalizator ola biləcəyini proqnozlaşdırırlar.




