Hörmüz boğazında gəmi hərəkətinin əvvəlki səviyyəyə qayıtması bir neçə ay çəkə bilər



ABŞ və İran arasında əldə olunmuş razılaşmadan sonra Hörmüz boğazının gəmi keçidləri üçün yenidən açılması ilə bağlı qeyri-müəyyənlik davam edərkən, keçidlərin mərhələli şəkildə arta biləcəyi və nəqliyyat axınının normallaşmasının bir neçə ay çəkəcəyi təxmin edilir.

AFN.az xəbər verir ki, ABŞ və İsrailin fevralın 28-də İrana hücumu ilə başlayan müharibə aparılan danışıqların sonunda razılaşma ilə nəticələnib.

Pakistanın Baş naziri Şahbaz Şərif verdiyi açıqlamada ABŞ və İranın razılığa gəldiyini elan edərək, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi olaraq dayandırıldığını bəyan edib.

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşma çərçivəsində Hürmüz boğazının iyunun 19-u, cümə günündən etibarən tamamilə açılacağını bildirərək, bölgədəki minaların böyük hissəsinin zərərsizləşdiriləcəyini söyləyib.

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) məlumatlarına görə, müharibədən əvvəl Hörmüz boğazından gündəlik orta hesabla 130 ticarət gəmisi keçirdi.

Müharibənin başlamasından sonra isə boğazdakı gündəlik orta gəmi hərəkəti 90 faizdən çox azalıb, bəzi günlər boğazdan cəmi bir gəminin keçdiyi müşahidə olunub.

"Kpler" məlumat analitika şirkətinin göstəricilərinə görə, Hörmüz boğazından iyunun 10-da 5, 11-də 4, 12-də 7, 13-də 1 və 14-də 5 ticarət gəmisi keçid edib.

İyunun 14-də boğazı keçən son gəmilərdən biri olan Malta bayraqlı "Disha" Qatardan Hindistana 132 min kubmetr maye qaz (LNG) daşıyırdı.

Razılaşmanın elan edilməsindən sonra, iyunun 15-də Hürmüz boğazından 3 keçid qeydə alınıb.

İyunun 15-nin ilk saatlarında ABŞ-İran razılaşmasının elan olunmasının ardından boğazdakı ticarət gəmilərinin hərəkətində böyük bir canlanma yaşanmayıb.

Sent-Kits və Nevis bayraqlı "Kaiser" quru yük gəmisi təxminən 27 min ton yüklə İraqın Ümm-Qəsr limanından Omana getmək üçün İran suları üzərində yaradılmış "İran marşrutu"ndan istifadə edərək boğazı keçib.

Honduras bayraqlı "Argo Maris" neft tankeri də 6 min 700 ton neft məhsulu ilə İranın Bəndər-Abbas limanından yola düşərək eyni marşrutla Hörmüz boğazından keçib.

Sierra-Leone bayraqlı "Momentum Phonix" yük gəmisi isə Omandan İrana təxminən 11 min 500 ton polat daşıyaraq iyunun 15-də keçidini tamamlayıb.

Sektor nümayəndələri prosesin olduqca həssas olduğunu və boğazda hərəkətin müharibədən əvvəlki normal səviyyəyə qayıtmasının uzun vaxt aparacağını bildirirlər.

Baltik və Beynəlxalq Dənizçilik Şurasının (BIMCO) məlumatına görə, bölgədəki mina təhlükəsi narahatlıq doğurmağa davam edir və təhlükəsizlik vəziyyəti riskli səviyyədədir.

Böyük Britaniyanın Dəniz Ticarət Təşkilatı da Hörmüz boğazı keçidləri üçün dəniz təhlükəsizliyi təhdid səviyyəsinin kritik olaraq qaldığı barədə xəbərdarlıq edir.

Hazırda Körfəzdə boğazı keçmək üçün gözləyən təxminən 500 ticarət gəmisi var.

100 gündən çox davam edən fasilədən sonra ilk olaraq bu növbədə gözləyən gəmilərin keçidinin tamamlanması gözlənilir.

Bu keçidlərin 30 gün ərzində müharibədən əvvəlki səviyyənin ancaq 50 faizinə çata biləcəyi təxmin edilir.

Əgər razılaşmanın icrasında hər hansı problem yaşanmazsa, Körfəzdə yüklü vəziyyətdə olan 118 tanker 10-15 gün ərzində boğazdan keçməli olan prioritet gəmilər kimi önə çıxır.

Bir ayın sonunda boğazdan keçən gəmilərin sayının gündəlik 15-dən təxminən 40-a yüksələ biləcəyi və bunun 60 faizini tankerlərin təşkil edəcəyi proqnozlaşdırılır.

Gözləyən gəmilərin keçidindən sonra boğazın normallaşması üçün müəyyənedici addım gəmilərin Körfəzə yenidən daxil olma sürəti olacaq.

Gəmi şirkətlərinin ehtiyatlı davranacağı və Körfəzə qayıdışların mərhələli olacağı gözlənilir.

İlk 30 günün sonunda Körfəzə daxil olan tankerlərin sayının gündə 12-yə çata biləcəyi qeyd olunsa da, bu rəqəm müharibədən əvvəlki səviyyədən təxminən 50 faiz aşağıdır.

"Kpler"in Dənizçilik Riski və Uyğunluq Meneceri Dimitris Ampatzidis bildirib ki, boğazın yenidən açılması hərəkətin dərhal normallaşacağı mənasına gəlmir.

Gözləyən gəmilərin bölgədən ayrılması, səfərlərini tamamlaması və yeni yük götürmək üçün geri qayıtması zaman alacaq və bu proses təxminən 2-3 ay çəkə bilər.

Yaxın Şərqin bəzi bölgələrində müharibədən əvvəlki istehsal və ixrac səviyyələrinə qayıdış isə əməliyyat şəraitindən asılı olaraq daha uzun çəkə bilər.

Ampatzidis Hürmüz boğazının siyasi və təhlükəsizlik baxımından sürətlə ticarətə açılmasının vacib olduğunu, kommersiya daşımaları sisteminin isə tədricən normallaşacağını ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu