Bakıda yol üstündə dava salan şəxsə 3 il cəza verildi


Bakıda iki sürücü arasında yol verməmə üstündə yaranan mübahisə davaya çevrilib və tərəflərdən biri digərinə xəsarət yetirib.

Hadisə 2025-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində baş verib. Faktla bağlı cinayət işi başlanıb.

Cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb.

Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə hərəkətdə olarkən digər sürücünün ona yol verməməsinə görə mübahisə edib. Daha sonra avtomobilini saxlayaraq qarşı tərəfin üzərinə gəlib, onu nalayiq ifadələrlə təhqir edib və ətrafda insanların olmasına baxmayaraq fiziki zor tətbiq edib. Nəticədə zərərçəkmiş müxtəlif bədən xəsarətləri alıb.

Ekspertiza xəsarətləri sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər kimi qiymətləndirib.

Təqsirləndirilən şəxs isə məhkəmədə ittihamı tam qəbul etməyib. O bildirib ki, mübahisə qarşı tərəfin onun ünvanına nalayiq ifadələr işlətməsi və fiziki təmas yaratmasından sonra davaya çevrilib. Onun sözlərinə görə, qarşı tərəf əvvəlcə ona zərbə endirib, o da cavab olaraq bir dəfə zərbə vurub.

Zərərçəkmiş isə ifadəsində təqsirləndirilən şəxsin ona bir neçə dəfə zərbə endirdiyini bildirib. O, özü tərəfindən qarşı tərəfə fiziki zor tətbiq edilmədiyini deyib.

Məhkəmə zamanı tərəflərin barışdığı və zərərçəkmişin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığı bildirilib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilib. Ona həmin maddələr üzrə azadlığın məhdudlaşdırılması cəzaları təyin edilib.

Cəzalar qismən toplandıqdan sonra təqsirləndirilən şəxsə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Onun ibtidai istintaq zamanı 2 gün tutulduğu müddət 1 günə 2 gün hesabı ilə cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu