İtaliyada məktəblərdə xarici şagirdlərə 30 faiz limiti qoyuldu
İtaliyada Baş nazir Corca Meloninin rəhbərlik etdiyi sağ koalisiya hökuməti məktəblərdə müəyyən xarici şagirdlərin sayını 30 faizlə məhdudlaşdıran və burka ilə niqabı qadağan edən qərar qəbul edib.
AFN.az xəbər verir ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, ibtidai məktəblərin birinci siniflərində İtaliya vətəndaşlığı olmayan, İtaliyada doğulmayan və ya ən azı iki il uşaq bağçasında təhsil almayan şagirdlərin sayı sinifdəki ümumi şagird sayının 30 faizini keçməməlidir.
Orta məktəb və liseylərin birinci siniflərində isə 30 faizlik limit milli təhsil sistemində ən azı üç tədris ilini uğurla başa vurmamış İtaliya vətəndaşı olmayan şagirdlərə şamil ediləcək.
Qərara əsasən, xüsusi sağlamlıq və ya təhlükəsizlik səbəbi olmadıqda, burka, niqab və üzü örtərək şəxsin tanınmasına mane olan digər vasitələrdən istifadə də qadağan edilir. Qaydanı pozanlara 1000 avroyadək cərimə tətbiq oluna bilər.
İtaliyanın Təhsil naziri Cüzeppe Valditara Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında italyan dilinin öyrənilməsinə yönələn bu addımın inteqrasiya üçün əsas vasitələrdən biri olduğunu bildirib.
Valditara qeyd edib ki, valideynlərin uşaqlarının təhsilinə cəlb olunması akademik nəticələr üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, məktəblərdə inteqrasiya ilə bağlı ciddi problemlər olduqda valideynlərin italyan dilini öyrənməsi təşviq ediləcək və məktəblər vəziyyət barədə sosial xidmətləri məlumatlandıracaq.
Valideynlərin italyan dili kursunu başa çatdırmaması halında 200-1000 avro arasında cərimə tətbiq edilə bilər.
Baş nazir Meloni də hökumətin qəbul etdiyi qərarı müdafiə edib. O, tədbirlərin inteqrasiyaya kömək etdiyini, ayrı-seçkiliyə səbəb olan siniflərin yaranmasının qarşısını almağa və bütün şagirdlər üçün bərabər imkanlar yaratmağa xidmət etdiyini bildirib.
Əsas müxalifət partiyası Demokratik Partiyanın lideri Elli Şleyn qərarı hökumətin dövlət məktəblərinin real problemlərini həll edə bilməməsini ideoloji gündəmlə ört-basdır etmək cəhdi kimi qiymətləndirib və uşaqlar üzərindən təzyiq göstərilməsini tənqid edib.
Müxalifətdəki Yaşıllar və Sol Alyansının deputatı Anqelo Bonelli də Meloninin bu addımını seçki kampaniyası ilə əlaqələndirib.
İtaliya Prezidenti Serco Mattarella da müzakirə edilən qaydalarla bağlı məktəblərin hər kəs üçün açıq olması lazım olduğunu bildirib.
Təhsil işçiləri isə belə bir qaydanın xüsusilə miqrant əhalinin çox olduğu ərazilərdə tətbiqinin çətin ola biləcəyini bildiriblər.
Qərarın qanun qüvvəsi alması üçün İtaliya parlamentinin Senat və Deputatlar Palatasında müzakirə edilərək təsdiqlənməsi tələb olunur.
