İtaliyada referendum məğlubiyyətindən sonra Meloni hökumətində istefalar başlayıb



İtaliyada Ciorcia Meloninin rəhbərlik etdiyi sağ koalisiya hökumətində referendum məğlubiyyətindən sonra adları müxtəlif ittihamlarda hallanan Ədliyyə Nazirliyinin iki yüksək rütbəli rəsmisi istefa verib.

AFN.az xəbər verir ki, Baş nazir Meloni eyni zamanda turizm naziri Daniela Santankenin də vəzifəsindən getməsini tələb edib.

Ölkədə 22-23 mart tarixlərində məhkəmə islahatları ilə bağlı keçirilən referendumda bir çox ekspertin fikrincə ilk ciddi məğlubiyyətini yaşayan və bu səbəbdən məğlubedilməz imici sarsılan Meloni hökumətində istefaların ardı-ardına gəlməsi diqqət çəkir. Keçən həftə Romadakı restoranlardan birində mafiya ilə əlaqəli şəxslə müştərək investisiya qoyuluşu məsələsi ilə gündəmə gələn Ədliyyə nazirinin müavini Andrea Delmastro yazılı açıqlama ilə istefasını elan edib.

Delmastro bəyanatında səhv bir iş görmədiyini müdafiə etsə də, hökumətə və Baş nazirə olan hörməti naminə məsuliyyəti üzərinə götürdüyünü bildirib. Qeyd edək ki, o, ötən il də dövlət sirri daşıyan sənədləri ifşa etməkdə təqsirli bilinərək 8 aylıq şərti həbs cəzası almışdı. Referendumdan sonra vəzifəsini tərk edən digər şəxs isə Ədliyyə Nazirliyinin aparat rəhbəri Ciusi Bartolotsi olub.

O, kampaniya dövründə hakimləri “güllələnmə dəstəsi” adlandırması və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarılan liviyalı polis rəisinin sərbəst buraxılması işində prokurorlara yanlış məlumat verməkdə ittiham olunurdu. İtaliya mətbuatı Meloninin qısa video müraciətlə nəticəni qəbul etdiyini, lakin koalisiya tərəfdaşları ilə görüşdükdən sonra korrupsiya və dələduzluqda ittiham olunan turizm naziri Daniela Santankeyə də eyni addımı atmağı tövsiyə etdiyini yazır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 51,4 milyon seçicinin iştirak etdiyi referendumda seçicilərin 53,7%-i məhkəmə islahatlarına “Yox” deyərək layihəni rədd edib. Bu nəticə təxminən 4 ildir ölkəni idarə edən Meloni hökuməti üçün ilk böyük uğursuzluq kimi qiymətləndirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu