Trampın Meloni ilə arası yenidən dəydi
ABŞ Prezidenti Donald Trampın Fransadakı G7 sammiti zamanı İtaliya Baş naziri Corcia Meloni ilə görüşü barədə "Mənimlə şəkil çəkdirmək üçün yalvardı, ona yazığım gəldi" ifadəsini işlətməsinə italyan lider "Mən və İtaliya əsla yalvarmarıq" cavabını verib.
AFN.az xəbər verir ki, ABŞ və İsrailin fevralın 28-də İrana hücum etməsi ilə başlayan müharibə zamanı İtaliyanın Siciliyadakı bazasını ABŞ təyyarələrinə açmaması və Trampın Vatikan Dövlət Başçısı Papa 14-cü Leonu sərt şəkildə tənqid etməsinə Meloninin qarşı çıxması ilə iki lider arasında soyuq küləklər əsdiyi şərh olunurdu.
İyunun 15-17-də Fransada keçirilən G7 sammitindəki ikitərəfli görüş sayəsində gərginliyin azaldığı düşünülsə də, bu gün ABŞ Prezidentindən gələn açıqlama İtaliyada yenidən etirazlara səbəb olub.
Tramp İtaliyanın "La7" kanalına telefonla verdiyi qısa müsahibədə Baş nazirin onunla danışdığı üçün yəqin ki, xoşbəxt olduğunu, əslində onunla danışmaq məcburiyyətində olmadığını, lakin Meloninin onunla foto çəkdirmək üçün yalvardığını və özünün də ona yazığı gəldiyi üçün şəkil çəkdirdiyini iddia edib.
ABŞ Prezidentinin bu çıxışı G7 sammitindəki görüşdən sonra İtaliyada yaranan müsbət ab-havanın real olmadığını ortaya qoyub və Meloninin cavabı gecikməyib.
Meloni sosial media hesabından paylaşdığı video müraciətdə Donald Trampın açıqlamalarının tamamilə uydurma olduğunu, ABŞ Prezidentinin müttəfiqlərinə qarşı niyə bu cür davrandığına heyrət etdiyini bildirib və İtaliyanın qürurunu qoruyaraq heç vaxt yalvarmayacaqlarını vurğulayıb.
Yaşanan diplomatik böhrandan sonra İtaliyanın baş nazir müavini və xarici işlər naziri Antonio Tayani Trampın sözlərinin bütün İtaliyanı incitdiyini qeyd edərək, iyunun 21-22-nə planlaşdırılan ABŞ səfərini ləğv etdiyini açıqlayıb, Müdafiə naziri Quido Krosetto isə bu çıxışı növbəti üslub səhvi adlandırıb.
İtaliyada müxalifət partiyaları da Trampın zorba davranışlarını qəbuledilməz adlandıraraq pisləyib, eyni zamanda Melonini keçmişdə Tramp ilə yaxın siyasi müttəfiq olması ilə öyündüyünə görə öz tənqid hədəfinə çeviriblər.
Müharibədən əvvəl çox yaxın münasibətləri olan iki liderin arası İtaliyanın ABŞ təyyarələrinə Siciliyadakı Siqonella bazasından istifadə icazəsi verməməsi və Meloninin Papanı Trampın sərt tənqidlərinə qarşı müdafiə etməsi ilə dəymişdi.
G7 sammitində münasibətləri aydınlaşdırmağa çalışan tərəflər arasında Trampın son bəyanatlarından sonra iplər yenidən qopma nöqtəsinə gəlib.
