Aİ-nin Kosovaya tətbiq etdiyi sanksiyalar ləğv edildi



Kosovo Prezidenti Vyosa Osmani Avropa İttifaqının (Aİ) 2023-cü ildən bəri ölkəsinə qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin ləğv edildiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Prezident Osmani sosial media hesabından paylaşdığı məlumatda 2025-ci ilin dekabrında keçirilən Aİ-Qərbi Balkanlar Sammitindən sonra qəbul edilən qərar əsasında Aİ Komissiyasının bu addımın tam icra olunduğunu təsdiqlədiyini bildirib. Bu qərarı məmnuniyyətlə qarşıladıqlarını qeyd edən Osmani, prosesə dəstək verən Aİ Komissiyasına və üzv dövlətlərə təşəkkür edərək, Kosovo xalqının həyatına mənfi təsir göstərən ədalətsiz sanksiyaların artıq aradan qaldırıldığını vurğulayıb.

Kosovonun Baş nazirinin birinci müavini, xarici işlər və diaspor naziri Qlauk Konyufca da öz növbəsində Aİ-nin tətbiq etdiyi bütün tədbirlərin ləğvini və əvvəllər dondurulmuş maliyyə yardımlarının sərbəst buraxıldığını təsdiqləyib. Konyufca bu addımın Avropaya inteqrasiya yolunda konstruktiv fəaliyyət və konkret irəliləyişlər baxımından yeni bir dövrün başlanğıcı olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Avropa İttifaqı 2023-cü ildə ölkənin şimalında yaşanan gərginliyi azaltmaq üçün lazımi addımlar atmadığı səbəbilə Kosovaya qarşı bir sıra sanksiyalar tətbiq etmişdi və bu tədbirlər xüsusilə Kosovonun müəyyən sahələrdə Aİ fondlarından yararlanmasına mane olurdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu