Pezeşkian: ABŞ ilə razılaşmağa hazırıq



İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ-la müharibə istəmədiyini və danışıqlar yolu ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib.

AFN.az xəbər verir ki, Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasının açılış həftəsi çərçivəsində Nyu-Yorkda Fox News telekanalının suallarını cavablandırıb.

İranın müharibəyə, yoxsa razılaşmaya üstünlük verdiyi barədə suala cavabında Pezeşkian ölkəsinin müharibə seçmədiyini və müharibənin İrana məcbur edildiyini bildirib.

Pezeşkian Hörmüz boğazı ilə bağlı fikir ayrılıqları səbəbindən pozulan, lakin bundan əvvəl 60 gün ərzində yekun sülh razılaşmasının əldə edilməsini nəzərdə tutan iyun razılaşmasına istinad edərək, Tehranın Vaşinqtonla razılaşma istiqamətində irəliləməyə hazır olduğunu vurğulayıb.

İki ölkə arasında gərginliyin davam etdiyi bir vaxtda İran Prezidenti ABŞ-la razılaşma əldə etmək istəyinin qüvvədə qaldığını bildirib.

Pezeşkian müharibənin başa çatdırılıb-başa çatdırılmaması ilə bağlı seçimi ABŞ-ın etməli olduğunu deyib.

İranın beynəlxalq hüquq və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyini bildirən Pezeşkian Yəməndəki husilərlə bağlı da onların öz əməllərinə görə məsuliyyət daşıdığını və İrandan göstəriş almadıqlarını qeyd edib.

Pezeşkian həyatda olub-olmadığı ilə bağlı suallar yaranan iranlı lider Müctəba Xamenei ilə təxminən bir ay əvvəl şəxsən görüşdüyünü bildirib.

İran Prezidenti onunla təxminən yeddi saat vaxt keçirdiyini və səhhətinin yaxşı olduğunu qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu