Polşada kilsədə bıçaqlı hücum: Rahib öldü, 4 nəfər yaralandı
Polşanın cənub-şərqində baş verən bıçaqlı hücum nəticəsində bir rahib həlak olub, dörd nəfər yaralanıb.
AFN.az xəbər verir ki, hücumdan sonra 31 yaşlı Ukrayna vətəndaşı şübhəli şəxs qismində saxlanılıb. Hadisə Jaruşlav şəhərindəki katolik monastırının ərazisində baş verib.
Polşa mediasının məlumatına görə, hücum edən şəxs əvvəlcə yaxınlıqdakı kafedə bir rahibə, daha sonra isə monastırın daxilində daha dörd nəfərə bıçaqla xəsarət yetirib.
Polis hücum zamanı dörd kişi və bir qadının bıçaqlandığını açıqlayıb. Yaralanan rahiblərdən biri sonradan xəstəxanada dünyasını dəyişib. Hücumun motivi ilə bağlı araşdırma davam edir.
Polşa Prezidenti Karol Navrotski hadisənin cəmiyyəti dərindən sarsıtdığını və dövlətin qətiyyətli cavab verməsini tələb etdiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski də hücumla bağlı sarsıldıqlarını bildirib və hadisənin hərtərəfli araşdırılmasını istəyib. Polşa Baş naziri Donald Tusk isə təqsirləndirilən şəxsin ölkə qanunlarının nəzərdə tutduğu qaydada məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.
Polşanın daxili işlər naziri Martçin Ker вinski hadisədən zərər çəkən şəxslərə psixoloji dəstək göstərildiyini bildirib.
Ukraynanın Polşadakı səfirliyi də hücumu pisləyib. Səfirlik belə çətin vaxtlarda qarşılıqlı dəstəyin, insan həyatına hörmətin qorunmasının və ağrının nifrətə və yeni zorakılıq hallarına çevrilməsinə imkan verilməməsinin vacib olduğunu bildirib.
Açıqlamada törədilən cinayətə görə məsuliyyətin yalnız qanun əsasında müəyyənləşdirilməli olduğu vurğulanıb.
Hadisə ilə bağlı araşdırma davam edir. Polşa polisi 31 yaşlı Ukrayna vətəndaşını saxlayıb.


