Kolumbiya İranla diplomatik əlaqələri kəsdi
Kolumbiya hökuməti İranla diplomatik əlaqələri rəsmən dayandırdığını açıqlayıb.
AFN.az xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyinin açıqlamasında diplomatik əlaqələrin 19 sentyabr 2026-cı ildən etibarən kəsildiyi bildirilib.
Kolumbiya hökuməti qərarın milli və regional təhlükəsizlik, həmçinin transmilli cinayətkarlıqla mübarizə məsələləri ilə bağlı olduğunu bildirib. Nazirliyin məlumatına görə, qərarda İran hökumətinin beynəlxalq terror qrupları və ölkənin təhlükəsizliyinə təhdid yaradan narkoterrorçu qruplarla ehtimal edilən əlaqələri də nəzərə alınıb.
Açıqlamada qərarın İran ərazisində insan hüquqlarının pozulması, Yaxın Şərqdəki münaqişənin tərəfi olmayan ölkələrə qarşı təsdiqlənmiş hücumlar, Hörmüz boğazının bloklanması və Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramının miqyasını yoxlamaq üçün apardığı fəaliyyətin məhdudlaşdırılması ilə bağlı narahatlıqlarla da əlaqəli olduğu qeyd edilib.
Kolumbiya Xarici İşlər Nazirliyi bu hadisələrin İran hökumətinə olan etimadı zəiflətdiyini bildirib.
Qərarın diplomatik əlaqələrin kəsilməsi ilə məhdudlaşdığı, konsulluq əlaqələrinin isə davam edəcəyi açıqlanıb. Kolumbiya bunu 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 45-ci maddəsi və 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının müvafiq müddəaları ilə əlaqələndirib.
Kolumbiya Xarici İşlər Nazirliyi diplomatik nümayəndələrin statusu və digər inzibati məsələlərlə bağlı prosedurun İran tərəfinə bildiriləcəyini açıqlayıb.


