Fransa İrana diplomatiyaya qayıtmaq çağırışı etdi



Fransa hökuməti Hörmüz boğazı və ABŞ-la yaşanan gərginlik fonunda İrandan diplomatik yolu seçməsini istəyib.

AFN.az xəbər verir ki, Fransa xarici işlər naziri Jan-Noel Barro BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ-ın Nyu-York şəhərində iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. Görüşün əsas mövzularından biri İranla bağlı diplomatik həll yolları və Hörmüz boğazında naviqasiya azadlığı olub.

Fransa Xarici İşlər Nazirliyinin görüşlə bağlı yaydığı açıqlamaya görə, Barro İrana diplomatiya yolunu seçmək çağırışı edib və Fransanın bu diplomatik həll axtarışını dəstəkləməyə hazır olduğunu bildirib.

Barro enerji təhlükəsizliyi və regional sabitlik baxımından bağlanması ciddi təhlükə yaradan Hörmüz boğazının yenidən açılmasının Fransanın prioriteti olduğunu vurğulayıb. Fransa daha əvvəl də boğazda naviqasiya azadlığının təmin edilməsinin vacibliyini bəyan edib.

İkitərəfli münasibətlər çərçivəsində Barro Fransa səfirliyinin Tehrandakı əməkdaşlarına qarşı hücumların qəbuledilməz olduğunu bildirib.

O, həmçinin Tehranda fransız dili üzrə təhsil mərkəzinin bağlanması qərarını pislədiklərini yenidən diqqətə çatdırıb. Fransa Xarici İşlər Nazirliyi bu mərkəzin bağlanması ilə bağlı ayrıca açıqlama da yayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu