Britaniya Ukraynanın süni intellekt bazasından dronlar üçün istifadə edəcək
Britaniya Ukraynanın döyüş meydanından əldə edilən məlumatlardan istifadə etməklə süni intellekt əsaslı yeni nəsil dronların hazırlanması üçün şirkətlərdən müraciət qəbul etməyə başlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik britaniyalı şirkətləri Ukraynanın döyüş məlumatları bazasından istifadə etməklə yeni nəsil döyüş dronları üçün süni intellekt modellərinin hazırlanmasına dair təkliflər təqdim etməyə çağırıb.
İlkin mərhələdə 12 şirkətin bu prosesə cəlb olunması nəzərdə tutulur. Hazırlanacaq texnologiyaların hava, quru, suüstü və sualtı dronlardan ibarət qrupların rabitə kəsildiyi və ya peyk naviqasiyasının olmadığı şəraitdə fəaliyyətini davam etdirməsinə imkan verə biləcəyi bildirilir.
Britaniyanın Ukraynanın “Avengers AI Labs” süni intellekt laboratoriyasının məlumat bazasına çıxışı ilə bağlı razılaşma avqustun 24-də Baş nazir Endi Bernəmin Kiyevə səfəri zamanı əldə olunub. Bu əməkdaşlıq çərçivəsində Britaniya Ukraynanın döyüş meydanından toplanan məlumatlardan istifadə etmək imkanı əldə edib.
Müdafiə Nazirliyinin məlumatına görə, platformada döyüş şəraitində toplanmış və süni intellekt modellərinin öyrədilməsi üçün istifadə olunan məlumatlar yer alır. Məlumat bazasına tanklar, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, piyadalar və hava hədəfləri də daxil olmaqla 6 milyondan çox müxtəlif obyekt barədə məlumat daxildir.
Bu məlumatlar Ukraynanın döyüş zonasının müxtəlif ərazilərində yerləşdirilmiş minlərlə gündüz müşahidə kamerası və infraqırmızı sensor vasitəsilə toplanır.



