Britaniyada süni intellektlə uşaqların istismarına görə 2 il 4 ay həbs



Britaniyada uşaqların və qadınların görüntülərindən istifadə edərək seksual xarakterli süni intellekt görüntüləri hazırlayan şəxs 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

AFN.az xəbər verir ki, London Metropolitan Polisi Londonun şimalındakı Vud Qrin ərazisindəki evinin yaxınlığında yerləşən parkda uşaqların və qadınların görüntülərini çəkərək seksual xarakterli süni intellekt görüntüləri hazırlayan şəxsin təqsirli bilinərək həbs cəzasına məhkum edildiyini açıqlayıb.

Polisin məlumatına görə, şəxs çəkdiyi minlərlə fotoşəkildən istifadə etməklə çox sayda razılıq olmadan hazırlanmış seksual məzmun yaradıb.

Açıqlamada bildirilib ki, iyul ayında saxlanılan şəxs uşaqların uyğun olmayan görüntülərini yaratmaqda şübhəli bilinməsinə baxmayaraq, məhkəmə tərəfindən həbsdə saxlanılmayıb və törətdiyi əməllərin baş verdiyi evinə qayıdaraq məhkəmə qərarını gözləyib.

Şəxsin həbsdə saxlanılması ilə bağlı üç cəhdin də məhkəmə tərəfindən qəbul edilmədiyi qeyd olunub.

Polisin bildirdiyinə görə, istifadə edilən fotoşəkillərin böyük hissəsi şəxsin yataq otağının pəncərəsindən görünən uşaq parkında çəkilib. Digər fotoşəkillərdə isə ətrafdakı qadınların və məktəbə gedən uşaqların izlənildiyi müəyyən edilib.

Fotolardakı şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdiyi bildirilib.

London Metropolitan Polisi rəhbəri Mark Rouli bu işin ədalət sisteminin uşaqların da daxil olduğu zərərçəkənləri məyus etdiyi daha bir nümunə olduğunu bildirib.

Rouli polis əməkdaşlarının əhalini və zərərçəkənləri qorumaq üçün gördüyü tədbirlərə baxmayaraq, məhkəmələrin qəbul etdiyi qərarların məyusluq yaratdığını qeyd edib.

O bildirib ki, törətdiyi əməlləri etiraf edən şəxsin zərərçəkənləri hədəfə aldığı ünvana qayıtmasına icazə verilib. Prokurorların buna etiraz etməsinə baxmayaraq, zərərçəkənlərin təhlükəsizliyi və rahatlığından daha çox təqsirləndirilən şəxsin maraqlarını önə çəkən qərar qəbul edildiyi bildirilib.

Roulinin sözlərinə görə, həmin şəxsin hədəfinə çevrilən ailələrdən biri iyul ayında həbsdə saxlanılmama qərarından sonra özünü qorumaq üçün köçüb.

İstintaqı aparan polis əməkdaşı Natali Skalyarini isə şəxsin parkda oynayan və ya ailələri ilə gəzən uşaqları hədəf aldığını bildirib.

London Polisi şəxsin saxlanılması və məhkəməyə çıxarılması ilə bağlı detalları da açıqlayıb. Bildirilib ki, iyul ayında saxlanılan şəxs polisə müqavimət göstərib, qaçmağa çalışıb və telefonunu atmağa cəhd edib.

Onun telefonunda 1800 uşaq fotoşəkili və həmin görüntülərdən istifadə edilməklə hazırlanmış uyğun olmayan süni intellekt məzmunu aşkarlanıb.

İstintaq davam edərkən şəxsin çəkdiyi 5 min fotoşəkil və həmin görüntülər əsasında hazırlanmış uyğun olmayan süni intellekt məzmunları da ələ keçirilib.

Şəxs, bəziləri 8 yaşdan kiçik uşaqların və heyvanların görüntülərindən ibarət materiallara görə məhkəmə tərəfindən 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 10 il ərzində seksual cinayət törədən şəxslərin reyestrində qeydiyyatda olacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu