Bu adada 34 ildən sonra ilk körpə dünyaya gəlib
Şotlandiyanın ucqar North Ronaldsay adasında 30 ildən çox fasilədən sonra ilk dəfə körpə dünyaya gəlib.
AFN.az xəbər verir ki, Alis Treyl Ford CNN-ə açıqlamasında Dunkan Uaylder Torşteyn Treyl Suares Fordun sentyabrın 15-də doğulduğunu və bunun adada 34 ildən sonra baş verən ilk doğuş olduğunu bildirib.
Orkney adalarının ən şimalında yerləşən North Ronaldsay adasının uzunluğu cəmi 4,8 kilometr, eni isə 3,2 kilometrdir.
Treyl Ford həyat yoldaşı Xorxe Suares və ailəsi ilə vaxtlarını Kosta-Rika ilə North Ronaldsay arasında keçirdiklərini, ilkin planın Dunkanın Kosta-Rikada dünyaya gəlməsi olduğunu deyib.
Ailə North Ronaldsay adasına çatanda geri dönüş uçuşlarını artıq bron etmişdi. Lakin adaya endikdən sonra doğuş planı dəyişib.
1727-ci ildə adanı satın alan ailədən olan Treyl Ford bunun övladına təqdim edə biləcəyi ən xüsusi, sehrli və dəstəkləyici doğuş mühiti olduğunu dərhal anladığını bildirib.
Treyl Ford ada ilə bağının onu hər il buraya gətirdiyini, körpəlik dövründən etibarən hər il North Ronaldsay adasını ziyarət etdiyini söyləyib.
Şotlandiya hökumətinin 2024-cü il məlumatına görə, adanın əhalisi 72 nəfər olub. Treyl Ford hazırda North Ronaldsayda 51 nəfərin yaşadığını bildirib.
Doğuşdan sonra bəxt gətirdiyinə inanılan dördyarpaqlı yonca və yerli kiçik dəniz qabıqları ilə bəzədilmiş viski şüşələri paylanılıb.
Treyl Ford adadakı insanların bir növ böyük ailə, nəhəng ada ailəsi və ya uzaq qohumlar kimi hiss etdirdiyini deyib.
Treyl Ford adada uzun müddət ərzində niyə uşaq doğulmadığı ilə bağlı bunun həkim və xəstəxananın olmaması, yalnız daimi tibb bacısının fəaliyyət göstərməsi ilə əlaqəli ola biləcəyini bildirib.
O, insanların doğuş zamanı yarana biləcək problemlərdən qorxduğunu və buna görə də hər hansı çətinlik zamanı ehtiyac duyacaqları tibbi yardıma daha asan çata biləcəkləri xəstəxanada özlərini təhlükəsiz hiss etdiklərini qeyd edib.
Treyl Ford Orkney adalarının əsas hissəsinə qayıqla getməyin təxminən 2 saat 40 dəqiqə çəkdiyini söyləyib.
O, təcili vəziyyət zamanı sahil mühafizəsinə məxsus helikopterin adaya göndərildiyini, digər hallarda isə əsas hissədə yerləşən Kirkuoll şəhərinə getmək lazım olduğunu bildirib.

