"USS Gerald R. Ford" aviadaşıyıcısı xidmət müddəti rekordunu qırıb



Venesueladakı hərbi əməliyyat və Yaxın Şərqdəki gərginlik fonunda təxminən 10 aydır xidmətdə olan "USS Gerald R. Ford" aviadaşıyıcısı Vyetnam müharibəsindən bəri ən uzun müddət tapşırıqda qalan gəmi olub.

AFN.az xəbər verir ki, ABŞ Dəniz İnstitutunun (USNI) məlumatlarına görə, 295 gündür dənizdə olan gəmi 2025-ci ilin iyununda Aralıq dənizinə doğru yola çıxıb. Marşrutunu oktyabrda Karib dənizinə çevirən və 3 yanvarda Venesueladakı hərbi müdaxilədə iştirak edən gəmi, İranla artan gərginlikdən sonra Yaxın Şərqə yönəlib.

Martın əvvəlində Süveyş kanalından keçərək Qırmızı dənizə daxil olan aviadaşıyıcı müharibənin ilk günlərində aktiv tapşırıqlar icra edib. Lakin gəminin paltaryuyan sexində baş verən 30 saatlıq yanğından sonra təmir üçün yenidən Aralıq dənizinə qayıtmaq məcburiyyətində qalıb.

"USS Gerald R. Ford"un dənizdə keçirdiyi günlərin sayı 2020-ci ildə 294 günlük xidmətlə rekord qıran "USS Abraham Lincoln" gəmisini geridə qoyub. Virciniya senatoru Tim Keyn bu uzunmüddətli xidmətin heyətin psixoloji vəziyyətinə mənfi təsir etdiyini bildirib. Yanğın səbəbindən 600 dənizçinin yatacaq yerindən məhrum olduğu və aylardır yerdə yatmaq məcburiyyətində qaldığı iddia edilir.

Pentaqon rəsmiləri gəminin nə qədər müddət dənizdə qalacağını rəsmən açıqlamasalar da, xidmətin 11 aya çatacağı və gəminin may ayının sonunda ABŞ-a qayıdacağı proqnozlaşdırılır. Senator Keyn hərbçilərin artıq evlərinə qayıtmalı olduğunu vurğulayaraq, ordunun bu dərəcədə gərgin istifadəsinə etirazını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu