NYT: ABŞ Karib hövzəsində yerləşən aviadaşıyıcı qrupunu Yaxın Şərqə göndərəcək



"New York Times" (NYT) qəzeti ABŞ-ın Karib dənizi bölgəsində yerləşən "USS Gerald R. Ford" aviadaşıyıcısını və onu müşayiət edən gəmiləri Yaxın Şərqə göndərəcəyini iddia edib.

NYT-nin xəbərinə görə, ABŞ administrasiyası İrana qarşı mümkün hücum planları çərçivəsində yeni addım atıb. Qəzetə danışan dörd hökumət rəsmisi Karib hövzəsində dislokasiya olunmuş "USS Gerald R. Ford" aviadaşıyıcısı və tərkibindəki gəmi qrupunun Yaxın Şərqə göndərilməsinə qərar verildiyini bildirib.

Adı açıqlanmayan rəsmilər aviadaşıyıcı qrupunun aprelin sonu - mayın əvvəlinə qədər ana limana qayıtmayacağını qeyd ediblər. Sözügedən qrup Yaxın Şərqdə hazırda mövcud olan digər aviadaşıyıcı — "USS Abraham Lincoln" və onu müşayiət edən hücum qrupuna qoşulacaq.

Xatırladaq ki, "USS Gerald R. Ford" ötən ilin oktyabr ayında Aralıq dənizindən Karib hövzəsinə göndərilmiş və keçən ay Venesuelada Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən əməliyyatlarda iştirak etmişdi. İndi isə gəmi qrupu İranla nüvə danışıqlarının gərginləşdiyi bir vaxtda regiona hərbi təzyiqi artırmaq üçün yenidən istiqamət dəyişir.

Son günlər ABŞ mətbuatında İrana mümkün hücuma hazırlıq çərçivəsində Yaxın Şərqə ikinci bir aviadaşıyıcı hücum qrupunun göndərilməsi üçün hazırlıqların görüldüyünə dair iddialar yayılmaqda idi. Prezident Donald Tramp bir müddət əvvəl verdiyi açıqlamada İranla razılaşma əldə olunmayacağı təqdirdə nəticələrin "çox travmatik" olacağı barədə xəbərdarlıq etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu