Qazaxıstanda hərbi təlim zamanı 12 əsgər həlak olub
Qazaxıstanın Xəzər dənizi sahillərində keçirilən təlim zamanı dənizə düşən 19 əsgərdən 12-si həlak olub.
AFN.az xəbər verir ki, hadisə Aktau şəhərindən təxminən 43 kilometr məsafədə Hərbi Dəniz Qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən təlim zamanı baş verib.
Qazaxıstan Müdafiə Nazirliyi hava şəraitinin qəfil pisləşməsi və küləyin güclənməsi nəticəsində 19 əsgərin dənizə sürükləndiyini, hadisə nəticəsində ölənlərin sayının 12 nəfərə çatdığını açıqlayıb.
Aparılan axtarış-xilasetmə işləri zamanı 3 əsgərin xilas edildiyi, daha 2 əsgərin xilas edilməsi istiqamətində işlərin davam etdiyi bildirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində hərbi təlim zamanı baş verən hadisədə həlak olan əsgərlərlə bağlı 25 sentyabrın milli matəm günü elan edilməsi barədə fərman imzalayıb.
Tokayev hadisədə həlak olan hərbçilərin ailələrinə və yaxınlarına başsağlığı verib, hökumətə qəzanın bütün istiqamətlər üzrə araşdırılması və həlak olan əsgərlərin ailələrinə lazımi dəstəyin göstərilməsi üçün bütün tədbirlərin görülməsi barədə göstəriş verib.
Hadisədən sonra Qazaxıstan Baş naziri Oljas Bektenovun göstərişi ilə faciənin səbəblərinin araşdırılması məqsədilə hökumət komissiyası yaradılıb.
Baş nazir Bektenov komissiyaya rəhbərlik edən Baş nazirin müavini Kanat Bozumbayevə dərhal hadisə yerinə getmək, əsgərlərin ölüm səbəblərini hərtərəfli araşdırmaq və həlak olanların ailələrinə lazımi dəstəyin göstərilməsini təmin etmək barədə göstəriş verib.
