Böyük Britaniyada Starmerin istefasından sonra ümumi seçkilərin keçirilməsi tələb olunub
"Reform UK" partiyasının lideri Naycel Farac Baş nazir Keyr Starmerin istefasından sonra Böyük Britaniyada ümumi seçkilərin keçirilməsini tələb edib.
AFN.az xəbər verir ki, siyasətçi bu bəyanatı rəhbərlik etdiyi partiyanın yerli seçkilərdəki qələbəsi fonunda səsləndirib və hökumət başçısının gedişinə məhz bu qalibiyyətin səbəb olduğunu bildirib.
Onun müraciətinin videosu "Forbes Breaking News" yutub kanalında yerləşdirilib.
Siyasətçi qeyd edib ki, mayın 7-də Midlends, Yorkşir və bütün Şimali İngiltərədə, leboristlərin demək olar ki, yüz ildir dominantlıq etdiyi bölgələrdə mütləq və heyrətamiz qələbələr qazanıblar və bu qələbənin miqyası baş nazirin öz postunda qala bilməməsini qaçılmaz edib.
Farac ümummilli səsvermə keçirilmədən liderlərin dəyişdirilməsi təcrübəsini tənqid edib.
O vurğulayıb ki, Britaniya ictimaiyyəti siyasi partiyaların öz istəklərinə uyğun olaraq liderlərini dəyişməsindən sadəcə yorulub.
Onun sözlərinə görə, xalq ümumi seçkilərdə kiməsə səs verirsə, onun öz səlahiyyət müddətini başa vurmasını gözləyir.
Farac son yeddi ildə ölkədə altı baş nazirin dəyişdiyini xatırladaraq bu vəziyyəti seçki və demokratiya prosesinin dəyərsizləşdiyi "banan respublikası"na bənzədib.
"Reform UK" rəhbəri fikirlərini yekunlaşdıraraq bəyan edib ki, onlar ümumi seçkilərə hazırdırlar və onun fikrincə, bir çox vətəndaş da buna tam hazırdır.
Siyasətçi borcu dünyada Botsvanadan başqa digər bütün ölkələrdən daha sürətlə artan, qayıqların hər gün Manş boğazını keçməyə davam etdiyi bir ölkədə həftələrlə, bəlkə də aylarla davam edəcək iflic vəziyyətini yaşamaq ideyasının qəbulolunmaz olduğunu vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın Baş naziri Keyr Starmer vəzifəsindən getmək qərarına gəldiyini açıqlayıb və iyunun 22-də, bazar ertəsi səhər saatlarında bu qərarı barədə Kral III Çarlza məlumat verib.
