Aİ Fələstin missiyalarının mandatını 9 ay uzatdı



Avropa İttifaqı (Aİ) Qəzza zolağının Rəfah keçid məntəqəsində fəaliyyət göstərən Aİ Sərhəd Yardım Missiyasının (EUBAM Rafah) və Aİ-nin Fələstin Əraziləri üzrə Polis Missiyasının (EUPOL COPPS) mandatını 30 iyun 2027-ci ilədək uzatmaq qərarı qəbul edib.

AFN.az xəbər verir ki, Aİ Şurasının açıqlamasında EUBAM Rafah və EUPOL COPPS-un fəaliyyət müddətinin uzadılması ilə bağlı qəbul edilən qərara yer verilib.

Açıqlamada iki missiyanın mandatının 9 ay uzadıldığı və bu qərarın iyunun 29-da qəbul edilən 3 aylıq texniki uzatma qərarından sonra verildiyi bildirilib.

Qərarın Fələstin rəhbərliyi və İsraillə əlaqələndirmə şəraitində qəbul edildiyi qeyd olunan açıqlamada, Aİ liderlərinin iyunun 18-19-da keçirilən sammitin yekun bəyanatında EUBAM Rafah və EUPOL COPPS vasitəsilə Qəzzada sülh planına töhfə verməyə hazır olduqlarını bildirdikləri xatırladılıb.

Aİ 26 iyun 2025-ci ildə iki missiyanın mandatını 1 il müddətinə uzatmışdı.

İsrailin ötən il Rəfah sərhəd keçid məntəqəsini bağlamasından sonra bölgəyə əməkdaş göndərə bilməyən və vəziyyətin inkişafını gözləmək üçün ərazidə qalan EUBAM Rafah heyəti fevralın 2-də fəaliyyətini yenidən bərpa etmişdi.

Missiyanın son məlumatlarına görə, fevralın 2-dən avqustun 4-dək Rəfah sərhəd keçid məntəqəsindən 4 929 nəfər Qəzzaya daxil olub. Bu müddətdə müalicəyə ehtiyacı olan 1 858 nəfərin də daxil olduğu 5 199 nəfər isə Qəzzadan çıxıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu