Tramp İrana qarşı sanksiyaların yumşaldılması iddialarını təkzib edib
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı konkret addımlar atması müqabilində sanksiyaların yumşaldılmasına və İranın dondurulmuş vəsaitlərinin azad edilməsinə hazır olduğu barədə iddiaları təkzib edib.
AFN.az xəbər verir ki, Tramp məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.
Axios xəbər platformasının Tehrana qarşı sanksiyaların yumşaldılmasına hazır olduğu barədə xəbərini təkzib edən Tramp bunun doğru olmadığını və onlara heç nə təklif etmədiyini bildirib.
Tramp xəbərin əsassız olduğunu iddia edərək onun dərhal silinməli olduğunu qeyd edib.
Axiosun adlarını açıqlamaq istəməyən ABŞ rəsmilərinə istinadən yaydığı xəbərdə Trampın İranın nüvə proqramı ilə bağlı konkret addımlar atması müqabilində Tehrana tətbiq olunan sanksiyaları yumşaltmağa və dondurulmuş İran vəsaitlərini azad etməyə hazır olduğunu bildirdiyi iddia edilmişdi.
Xəbərdə sözügedən inkişafın Qətərli və pakistanlı vasitəçilərin ABŞ ilə İran arasında razılaşmanın əldə olunması üçün apardığı diplomatik təmaslar zamanı gündəmə gəldiyi bildirilmişdi.
Tramp son dövrlərdə CNN, New York Times və Washington Post da daxil olmaqla, xəbərlərini saxta kimi qiymətləndirdiyi bəzi ABŞ media qurumlarını tez-tez tənqid edir. Bununla belə, Tramp yaxın zamanda Axiosa, başda İran gərginliyi olmaqla, müxtəlif məsələlər barədə açıqlamalar verib.
