Almaniyada vicdani səbəblərlə hərbi xidmətdən imtina müraciətləri kəskin artıb



Almaniyada ilin ilk 8 ayında hərbi xidmətdən vicdani səbəblərlə imtina üçün edilən müraciətlərin sayının 2025-ci ilin tamamında qeydə alınan müraciətlərdən 3 dəfədən çox olduğu açıqlanıb.

AFN.az xəbər verir ki, Alman Naşirlər Şəbəkəsinin (RND) Federal Ailə və Mülki İşlər İdarəsinin sözçüsünə istinadən yaydığı xəbərə görə, yanvar-iyun dövründə 5 862 nəfər vicdani səbəblərlə hərbi xidmətdən imtina üçün müraciət edib.

Ölkədə yanvar-avqust dövründə isə 12 102 nəfər hərbi xidmətdən vicdani səbəblərlə imtina üçün müraciət edib.

Beləliklə, ilin ilk 8 ayında müraciətlərin sayı artıq 2025-ci ilin tamamında idarə tərəfindən qeydə alınan 3 879 müraciətin üç qatından çox olub. 2024-cü ildə isə 2 249 nəfər sözügedən müraciəti edib.

Yanvarın 1-də qüvvəyə minən və yeni hərbi xidmət qaydalarını müəyyənləşdirən qanuna əsasən, kişilər ilk növbədə könüllülük əsasında hərbi xidmətə çağırılacaq. Lakin könüllü müraciətlər nəticəsində hədəflənən hərbçi sayına çatılmadığı təqdirdə, çatışmazlığı aradan qaldırmaq üçün ehtiyaca əsaslanan məcburi hərbi xidmət tətbiq edilə biləcək.

Alman Silahlı Qüvvələri 18 yaşı tamam olan şəxslərə Alman ordusunda xidmətə motivasiyalarını və uyğunluqlarını müəyyənləşdirmək məqsədilə anket forması göndərir. Bundan əlavə, 1 yanvar 2008-ci ildən sonra doğulan kişilər üçün hərbi xidmətə yararlılıq müayinəsi məcburi olub.

Almaniya Konstitusiyasının 4-cü maddəsinin 3-cü bəndində vicdani səbəblərlə silahlı hərbi xidmətdən imtina etmək hüququ təsbit olunub.

Hərbi xidmətdən imtina edənlər müraciətlərini Alman Silahlı Qüvvələrinin Personal İdarəetmə İdarəsinə yazılı şəkildə və ətraflı əsaslandırma təqdim etməklə etməlidirlər. Daha sonra müraciətlərə baxılması üçün onlar Federal Ailə və Mülki İşlər İdarəsinə göndərilir.

Almaniya Rusiyadan qaynaqlanan təhdid və bunun nəticəsində NATO-nun planlarında edilən dəyişikliklər səbəbindən 2035-ci ilə qədər aktiv birliklər və ehtiyatda olan hərbçilər də daxil olmaqla, ümumi hərbçi sayını ən azı 460 minə çatdırmağı hədəfləyir.

Almaniyada məcburi hərbi xidmət 2011-ci ildə dayandırılmışdı.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu